Metaverse: Gələcəyin Texnologiyası və Azərbaycandakı Potensialı

Bölmə: Araşdırma › ,
Tarix: 16:48 02.12.2024

Metaverse vasitəsilə insanlar fiziki məkan məhdudiyyətlərini aşaraq müxtəlif yerlərdən bir araya gələ bilərlər. Bu texnologiya sosiallaşma, iş görüşmələri, təhsil və əyləncə tədbirlərinin virtual mühitdə baş verməsinə imkan tanıyır.

 

Mövzu ilə bağlı Elvin Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, metaversenin insanların sosial münasibətlərini və gündəlik həyatını dəyişdirə bilər:

 

"Bu, insanların müxtəlif mədəniyyətlərdən olan insanlarla əlaqə qurmasına şərait yaradır. Virtual reallıq (VR) texnologiyaları metaversenin əsasını təşkil edir. VR istifadəçilərə tamamilə immersiv təcrübələr yaşamağa imkan verir, bu da metaversenin xüsusiyyətlərindən biridir".

 

Müsahib təhsil və iş mühitlərindəki vəziyyətdən də danışıb:

 

"Metaverse təhsil və iş mühitlərini də köklü şəkildə dəyişdirə bilər. Təhsil sahəsində, tələbələr virtual siniflərdə dərs ala, laboratoriya təcrübələrini virtual mühitdə həyata keçirə və interaktiv tədris materiallarından istifadə edə bilərlər. İş mühitində isə, metaverse uzaqdan iş imkanlarını genişləndirə, əməkdaşlıq və komanda işini daha effektiv edə bilər. Bu texnologiyalar həm də işçilərin təlim və inkişaf proseslərini daha interaktiv və cəlbedici edəcək. Azərbaycanda metaverse və virtual reallıq texnologiyalarının tətbiqi üçün həm imkanlar, həm də çətinliklər mövcuddur. İmkanlar arasında texnoloji infrastrukturun inkişafı, gənc və texnologiyaya maraqlı əhali, həmçinin dövlətin rəqəmsal transformasiya siyasəti yer alır. Lakin texnoloji avadanlıqların yüksək maliyyəti, mütəxəssis çatışmazlığı və hüquqi tənzimləmələrin yetərsizliyi kimi çətinliklər də mövcuddur".

 

Xanım Ağamalıyeva