"Beşiktaş"ın gələcəyi: Mübariz Mənsimovun Prezidentliyi və potensial dəyişikliklər-ŞƏRH
Bölmə: İdman › ,Tarix: 20:10 05.12.2024
Son günlərdə iş adamı Mübariz Mənsimovun Beşiktaş futbol klubunun prezidentliyinə namizəd olması ilə bağlı xəbərlər idman ictimaiyyətində və azarkeşlər arasında böyük marağa səbəb olub. Lakin bu iddia nə qədər realdır və Mənsimovun seçilməsi kluba hansı təsirləri göstərə bilər?
İdman eksperti Ağa Dadaşzadə "İnformator.az"a müsahibəsində Mübariz Mənsimovun Beşiktaş klubunun prezidenti olma ehtimalı ilə bağlı fikirlərini söyləyib:
"Mən Mübariz Mənsimovun Beşiktaş klubunun prezidenti olacağına inanmıram. Çünki illərlə onun əlində belə şanslar olub. Belə xəbərlər də çox olub. Hamısı həqiqəti əks etdirməyib. Ehtimalım bu xəbərin əvvəlkilər kimi olduğu yönündədir. Mübariz Mənsimov o kluba rəhbərlik etsə ciddi maliyyə problemi yaşamayacaqlar, əksinə inkişaf edəcəklər. Mübariz Mənsimovun iş dünyasındakı təcrübəsi və "Xəzər Lənkəran" klubundakı idarəçilik bacarıqları Beşiktaş üçün böyük üstünlüklər gətirə bilər. "Xəzər Lənkəran" beynəlxalq səviyyədə tanınmasa da, böyük bir klub idi. Mənsimovun oradakı təcrübəsi ona uğur qazandırmağa kömək edər. Onun rəhbərlik etdiyi yerdə insanlar motivasiya və güvən tapır".
Ağa Dadaşzadə hazırkı strategiyanın kifayət qədər peşəkar olmadığını vurğulayıb və deyib ki, klubun ənənəvi rəqibləri olan Fənərbaxça və Qalatasarayla derbilərin səviyyəsi də son illərdə aşağı düşüb:
"Hazırda Beşiktaşın Mübariz Mənsimov kimi vizion sahibi bir iş adamına böyük ehtiyacı var. Onun rəhbərliyi ilə klub öz Qara qartal adını yenidən yüksəldə bilər. Mübariz Mənsimovun beynəlxalq iş dünyasındakı mövqeyi Beşiktaş üçün yeni sponsorluq imkanları və beynəlxalq səviyyədə tanınma gətirə bilər. Lakin bu prosesin reallaşması üçün Mənsimovun qərarı və klub seçki prosedurları həlledici olacaq".
Mübariz Mənsimovun "Beşiktaş" prezidentliyinə seçilməsi halında klubun idarəetmə strukturu, maliyyə vəziyyəti və strategiyasında mühüm dəyişikliklər baş verə bilər. Bu isə Beşiktaş azarkeşləri və idman ictimaiyyəti üçün maraqlı bir mərhələnin başlanğıcı ola bilər.
Xanım Ağamalıyeva