Süveydaya doğru yola çıxıblar

Tarix: 15:34 18.07.2025
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində dünən Şam hökuməti ilə yerli silahlı qruplar arasında əldə edilmiş atəşkəsə baxmayaraq, bədəvi ərəblərlə dürzi qruplar arasında toqquşmalar yenidən başlayıb. Ölkənin dörd bir tərəfindən ərəb tayfaları silahlanaraq Süveydaya doğru hərəkətə keçib. İsrailə məxsus hərbi təyyarələr isə bədəvi qrupları hədəfə alıb.
Bu arada İsrailə məxsus bir çox pilotsuz uçuş aparatı Suriya səmasında kəşfiyyat müşahidələri apararkən, hərbi təyyarələr bədəvi ərəblərin nəzarətinə keçən Mə'zrəa kəndinə yerli vaxtla saat 20:40-da hava zərbəsi endirib. Münaqişələrə qarışmayan və dünən axşam Süveydanı tərk edən Suriya təhlükəsizlik qüvvələri isə Dəra–Süveyda yolu üzərində yeni nəzarət məntəqələri quraraq toqquşmaların alovlanmasının qarşısını almağa çalışıb. Suriya rəsmi xəbər agentliyi SANA da axşam saatlarında İsrail hərbi təyyarələrinin Süveyda kəndlərinə hücum etdiyini bildirib.
Suriyanın cənubundakı Süveyda vilayətində 13 iyul tarixində bədəvi ərəb tayfaları ilə dürzi silahlı qruplar arasında kiçikmiqyaslı toqquşmalar başlayıb. Regiona göndərilən Suriya təhlükəsizlik qüvvələrinin dürzi qrupların hücumları nəticəsində onlarla əsgər həlak olub. Təhlükəsizlik qüvvələri ilə yerli dürzi silahlı qruplar arasında toqquşmaların şiddətlənməsindən sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunub.
Atəşkəs qısa müddət sonra pozulub və İsrail ordusu Suriya təhlükəsizlik qüvvələrini hədəfə alan hücumlar həyata keçirib. İsrail hava qüvvələri 16 iyul tarixində Suriya Prezident Sarayını, Baş Qərargah binasını və Müdafiə Nazirliyini bombalayıb. Həmin gün Süveydada hökumət ilə yerli qruplar arasında atəşkəs yenidən bərpa olunsa da, İsrail hərbi təyyarələri Şam və Dəra şəhərlərinə hücumlar təşkil edib. Təhlükəsizlik qüvvələrinin çəkildiyi Süveydada baş verən toqquşmalar və İsrail hücumları nəticəsində yüzlərlə insanın həyatını itirdiyi ehtimal olunub.
Haberler.com
Aygün Babayeva