"Suriyada Gərginlik Yüksəlir: Böhran Yeni Mərhələyə Keçir"
Bölmə: Siyasət › ,Tarix: 21:58 09.12.2024
Suriyada illərdir davam edən münaqişə yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Son günlər bölgədə artan gərginlik həm siyasi, həm də humanitar vəziyyəti daha da çətinləşdirib. Hökumət qüvvələri və müxalifət arasında baş verən toqquşmaların yenidən intensivləşməsi mülki əhali üçün böyük təhlükə yaradıb.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İsmayılov qeyd edib ki, təəssüflər olsun ki, bu günə qədər burada bir sıra radikal ünsürlər və separatçı terror təşkilatları at oynadırdılar:
"Xüsusilə PKK-ya bağlı olan PYD və YPG-nin Suriya ərazisində mövcudluğu, müxtəlif radikal fundamentalist maraqların Suriya üzərindən digər coğrafiyalara yayılma təhlükə və tendensiyalarını artırırdı. Bundan sonra burada sivil, demokratik və dünyəvi bir hökumət daha güclü formada təsis edilməlidir ki, Suriya xalqının ağrı və acılarına son qoyulsun.
İstisna deyil ki, böyük güclərin Suriyada hər zaman maraqları olub və olacaq. Həmin güclər çalışırlar ki, öz mövcudluqlarını qoruyub saxlasınlar və maksimum səviyyədə Suriyada öz maraqlarını təmin etməyə nail olsunlar. Amma düşünürəm ki, Suriyada formalaşacaq yeni siyasi idarəetmə bu mövzuda daha ehtiyatlı davranacaq. Suriyada baş verənlər göstərir ki, ölkədə siyasi vəziyyət və güc balansı köklü şəkildə dəyişə bilər".
Zəhra Məmmədova