Müasir Dövrdə Dini İnancların Rolu
Bölmə: Sosial › ,Tarix: 17:35 11.12.2024
Din, əsrlər boyu cəmiyyətlərin formalaşmasında mühüm rol oynayıb. Müasir dövrdə isə dini inanclar həm fərdi, həm də ictimai səviyyədə müxtəlif sosial və mədəni təsirlər göstərməkdədir. Bəzi insanlar üçün din mənəvi dəyərlər və sosial birliyi gücləndirən bir vasitədir, digərləri üçün isə müasirliklə ziddiyyət təşkil edən bir fenomen kimi görünür.
Bu barədə sosioloq Məhbubə Mehdiyeva "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, dini inanclar sosial mühitdə ciddi təsirə malikdir:
"21-ci əsrdə dini inanclar cəmiyyətimizin gündəlik həyatına təsiri müxtəlif formalarda özünü büruzə verir. Dinin insanların əxlaq prinsiplərinə, qərar qəbul etmə proseslərinə, ictimai münasibətlərə təsiri danılmazdır. Dini bayramlar, mərasimlər və ibadətlər insanların gündəlik həyatında xüsusi rol oynayır".
Onun fikirlərinə görə, son dövrlərdə sekulyarlaşma və fərdiyyətçiliyin artması heç bir dini məhdudiyyət yaratmır:
"Sekulyarlaşma və fərdiyyətçiliyin artması dini inancların təsir dairəsini müəyyən qədər məhdudlaşdırmışdır. Bununla yanaşı, dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir və bu müstəvidə heç bir dini etiqadla ayrı-seçkilik yoxdur. Azərbaycanda dini sferada tolerantlıq, müxtəlif dini mədəniyyətlərin azad şəkildə icrasına məhdudiyyətlər yaratmır".
Müsahib dini inancların hər zaman humanist duyğulara əsaslanmasının zəruriliyini də vurğulayıb:
"Texnoloji inkişafın hansı həddə çatmağına baxmayaraq, dini inanclar hər zaman sülh, mərhəmət kimi ali duyğulara əsaslanmalıdır. Eyni və yaxud fərqli əqidəyə sahib fərdlərin, qrupların həmrəylik və birlik yaradaraq xeyriyyə fəaliyyətləri, cəmiyyətə xidmət layihələri bu işin effektivliyini daha da artırır".
Nuray Qurbanlı