Azərbaycanda idmançılar niyə psixoloji hazırlıq problemi yaşayır? -Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 21:04 11.12.2024
"Futbolçular və digər idman növləri ilə məşğul olanlar üçün güclü psixoterapevtik proqramlar mövcuddur. Azərbaycanda isə bu sahədə vəziyyət çox zəifdir".
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Elmir Əkbər söyləyib. Psixoloq sosial mediada futbolçulara qarşı edilən tənqidi şərhlər və azarkeş təzyiqlərinin, onların psixoloji vəziyyətinə təsir göstərməsindən də bəhs edib:
"Bəli, təbii ki, incəsənət adamları, müğənnilər, idmançılar üçün əsas auditoriya xalqdır, cəmiyyətdir. Cəmiyyətin mövqeyi onlar üçün çox əhəmiyyətlidir, çünki onların fəaliyyəti birbaşa bu münasibətlər üzərində qurulub. Onlar alqışlanmağı, diqqət mərkəzində olmağı çox sevirlər. Əlbəttə, bu hissi hər kəs yaşayır, amma sənət və idman sahəsində olanlar üçün bu daha vacibdir. Bununla yanaşı, onlara qarşı yönəlmiş neqativ reaksiyalar, xüsusilə də sosial mediada geniş yayılan tənqidlər, onları daha çox məyus edir. Dünyada belə peşəkarlar üçün psixoloji dəstək çox geniş yayılmışdır. Bəzi idmançılarımız psixoloji dəstək üçün müraciət edir, lakin onların sayı azdır. Hətta bəzən federasiyaların onlara müəyyən “psixoloq”lar təyin etdiyi deyilir, amma bu mütəxəssislərin əksəriyyəti yetərli hazırlığa malik deyil. Belə bir sistemin effektsizliyi idmançıların psixoloji hazırlığına mənfi təsir göstərir".
Elmir Əkbərin sözlərinə görə, tənqid və cəmiyyətin mənfi münasibəti əsasən yazıq idmançıların üzərinə düşür:
"Təəssüf ki, ölkəmizdə federasiyaların əsas prioritetləri düzgün istiqamətlənməyib. Federasiya rəhbərlərinin əsas məqsədi bəzən yalnız büdcə vəsaitlərini idarə etmək, şəxsi mənfəətlər əldə etmək olur. Bu isə idmançıların inkişafını və onların beynəlxalq uğurlarını məhdudlaşdırır. Psixoloji hazırlığın zəif olması və federasiyaların effektiv işləməməsi nəticəsində idmançılarımız öz hədəflərinə çatmaqda çətinlik çəkirlər. Hazırda müəyyən uğurlar varsa da, bunlar əsasən xarici məşqçilərin və ya transfer edilmiş idmançıların nəticəsidir".
Fatimə Abdulrəhimli