Azərbaycan və Ermənistan arasında sülh bağlanır?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:00 12.12.2024

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyası barədə danışıblar. Tərəflərin görüşə hazırlaşdıqlarını, amma vaxtın müəyyən edilmədiyini bildiriblər. Hətta Mirzoyan iki ölkə arasında məhsulların qarşılıqlı tranzitinin təşkil edə biləcəklərini bildirib.

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, danışıqların sürətlənməsi Ermənistanın konstruktiv mövqeyindən asılıdır: 

 

“Bunun baş verməsi üçün danışıqlarda irəliləyişin olması və həm delimitasiya, demarkasiya sahəsində, həm də sülh müqaviləsinin layihəsi sahəsində də konkret nəticələr olmalıdır. Delimitasiya və demarkasiya ilə bağlı müəyyən nəticələr var. Biz bilirik ki, 2024-cü ilin aprelində əldə olunan razılaşmadan sonra Azərbaycanın 4 kəndinin geri verilməsi və sərhəddin təxminən 7 km-dən bir az artıq hissəsinin delimitasiya olunmasını uğur kimi adlandıra bilərik. Eyni zamanda avqust ayında iki ölkənin delimitasiya-demarkasiya komissiyalarının birgə əsasnaməsinin təsdiq olunması özü də bir uğur kimi qələmə verilə bilər. Amma bunlar kifayət deyil. Hələ sərhədlərin böyük bir hissəsi delimitasiya olunmayıb və bununla bağlı danışıqlar davam edir. Bu danışıqların sürətlənməsi də, ilk növbədə, Ermənistanın konstruktiv mövqeyindən asılıdır. O ki qaldı sülh prosesinə, bununla bağlı Ararat Mirzoyan bəyanat verdi ki, 17 maddədən 15-i razılaşdırılıb. Əvvəl də biz bilirik ki, Paşinyan demişdi ki, 3 maddə razılaşdırılmayıb, digər maddələr razılaşdırılıb. Əsas məsələ ondan ibarətdir ki, bütün maddələr razılaşdırılmalıdır".

 

 

Politoloqun sözlərinə görə, Azərbaycanın Ermənistandan legitim tələbləri var:

 

"İlk növbədə, Ermənistan konstitusiyasını dəyişdirməli və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Digəri isə, heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan Azərbaycanla birgə şəkildə quruma müraciət etməlidir. Digər tərəfdən, Ermənistanın aktiv şəkildə millitarizasiyası düşünürəm ki, sülh prosesinə xələl gətirən amillərdən biridir ki, bu millitarizasiya siyasətindən əl çəkməsi sülh yönündə ciddi bir addım kimi qiymətləndirilə bilər. Bunlar baş vermədiyi təqdirdə həm sülh prosesində, həm də delimitasiya prosesində müəyyən yubanmalar olacaqdır”.

 

Günel Verdiyeva