Media Savadlılığı: Oxucu və Tamaşaçılar Üçün Zərurəti

Bölmə: Sosial › ,
Tarix: 21:22 20.12.2024

Müasir dövrdə informasiya bolluğu insanların doğru və etibarlı məlumat seçimini çətinləşdirir. Media savadlılığı yalnız xəbər oxumaq deyil, həm də məlumatın mənbəyini və doğruluğunu analiz etmək bacarığıdır. Bu mövzu həm jurnalistlərin, həm də media istehlakçılarının üzərinə böyük məsuliyyət qoyur. 

 

Bəs oxucu və tamaşaçıların media savadlılığını artırmaq üçün hansı təhsil proqramları və təşəbbüslər həyata keçirilə bilər?

 

 Məsələ ilə bağlı BDU Jurnalistika fakültəsi Yeni media və Kommunikasiya Nəzəriyyəsi kafedrasının müəllimi Xatirə Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, Media həyatımızın bütün sahələrində var. Ona görə də, ixtisas istiqamətindən asılı olmayaraq bütün ali təhsil ocaqlarında media savadlılığının tədris planına salınması önəmlidir:

 

"İnformasiyanın bolluğu və xəbərə çatımın asanlaşdığı bir mühitində doğru seçim etmək, manipulyasiya hədəfinə çevrilməmək üçün media savadlılığının artırılması çox önəmlidir. Bu məqsədlə son dövrlər xeyli müsbət addımlar atılır. MEDİA Agentliyinin təşkil etdiyi konfranslar, seminarlar və təlimlər buna gözəl nümunədir. Bunlarla yanaşı, məktəblərdə media savadlılığının tədrisi yeniyetmələrin bu sahədə məlumatlı olmasına töhfə verə bilər. 

   Cəmiyyətin media savadlılığının artırılmasında jurnalistlərin də, media nümayəndələrinin də böyük rolu var. Bu sahənin peşəkarları öz operativ, dəqiq və obyektiv xəbərləri ilə bir növ vətəndaş jurnalistikası ilə məşğul olanlara ustad dərdi keçməlidirlər. Çünki hazırda əlində ağıllı telefon olan hər kəs istədiyi kontenti sosial şəbəkələr vasitəsilə yaya bilər. Peşəkar media nümayəndələri auditoriyaya həqiqətin necə göstərilməli olduğu, faktın necə fiksasiya edilməli olduğunu nümayiş etdirməlidirlər. Daha çox rəsmi qurumların kommunikasiya strategiyasını aparan şəxslərin üzərinə məsuliyyət düşür. Diqqət yarada biləcək hər hansı hadisə, baş verən fövqəladə olay zamanı operativ məlumatın gecikməsi onun yerinin dezinformasiya ilə doldurulmasını qaçılmaz edir. Çünki cəmiyyət dərhal baş verənlər haqqında dəqiq məlumat almaq istəyir. Bu məqamda peşəkar jurnalistlər məlumat ehtiyacını dəqiq, dürüst həm də zamanında ödəməyi bacarmalıdırlar. Əks halda, dezinformasiya ayaq tutub yeriyir və tirajlandıqca ciddi fəsadlara səbəb olur".

 

Xatirə Hüseynova sözlərində, Media savadlılığının artırılmasının təkcə tədrislə bağlı olmamasının əhəmiyyətini də vurğulayıb:

 

"Media savadlılığının artırılması təkcə tədrislə bağlı olmamalıdır. Hər bir fərd media savadlı olmağı həm də bir vətəndaşlıq borcu kimi qəbul etməlidir. Media savadlılığının tədrisinin genişlənməsi üçün ilk olaraq kadr hazırlığı işlərinə diqqət ayrılması önəmlidir. Bir sıra Avropa ölkələrində, qardaş Türkiyədə, Qazaxıstanda orta məktəbin aşağı siniflərindən media tənqidi bir fənn olaraq tədris olunur. “Media Savadlılığı” Həftəsi çərçivəsində də bu sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb".

 

Aytac Mustafayeva