Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Bölmə: Siyasət › ,
Tarix: 23:02 06.01.2025

Yanvar ayının 5-i saat 22:00-dan 22:10-a qədər Ermənistan ordusunun Gorus rayonu istiqamətindən Azərbaycan ordusunun Laçın istiqamətinin yaşayış məntəqələri istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə tutulub. Bildirilib ki, son günlər Ermənistan silahlı qüvvələri bir neçə dəfə mövqelərimizi atəşə tutub və bunlar qeydiyyata alınıb.

 

Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan beynəlxaq diqqəti bölgəyə çəkməyə çalışır. Çünki bu təxribatlarda Azərbaycanı cavab tədbirləri görməyə vadar etmək istəyir:

 

“Azərbaycan-Ermənistan şərti sərhəddində bu cür təxribatların olacağı hər zaman gündəmdədir və biz bunun növbəti dəfə şahidi oluruq. Ermənistanın bu təxribatları törətməkdə əsas məqsədlərindən birincisi bölgədəki vəziyyətlə bağlıdır ki, Ermənistan beynəlxalq diqqəti bölgəyə çəkməyə çalışır. Çünki bu təxribatlarla Azərbaycanı cavab tədbirləri görməyə vadar etmək istəyir. Nəzərə alsaq ki, Ermənistan ərazisində də Avropa İttifaqının kəşfiyyatçılardan ibarət missiyası da fəaliyyət göstərir və Ermənistan onların burada fəaliyyətinə olduqca önəm verir. Təbii ki, Qərbin də marağı ondan ibarətdir ki, gələcəkdə bu missiyanı hərbi missiyaya çevirə bilsin. Azərbaycan bütün bunların hamısını bilir, amma, eyni zamanda, Azərbaycan həm də bu cür təxribatlara adekvat, sərt cavablar verir və Ermənistanın manipulyasiyalarına da yer qoymamağa çalışır”.


Günel Verdiyeva