Yeni il hədiyyələri və istehlak mədəniyyəti
Bölmə: Sosial › ,Tarix: 20:31 23.12.2024
Yeni il ərəfəsində hədiyyə alma ənənəsi insanlarda istehlak davranışlarını artırır. Bu proses cəmiyyət üçün həm maddi israfçılıq, həm də ailə bağlarının güclənməsi kimi iki tərəfli təsirlər yaradır.
Mövzu ilə bağlı sosioloq Lalə Mehranlı “İnformator.az”a açıqlamasında bildirib ki, tək yeni il və bayramlarda deyil, bütün özəl günlərdə insanlar materialist yanaşmanın tərəfdarı olublar:
“Cəmiyyətimizdə idealist düşüncə və ruhani baxışları mənimsəyən insanlara qarşı ciddi qınaq var. Hər şeyi maddiyyat üzərində qurmuşuq və belə bir cəmiyyət formalaşdırmışıq. Nəticədə gəlib o yerə çatmışıq ki, insanlar bir-birindən mütləq şəkildə maddi çıxar gözləyir. İdeallar uğrunda mübarizə aparan insanlar azalıb, hətta belə insanlara axmaq və ya avam kimi baxılır. Halbuki hədiyyələşmənin mahiyyəti maddiyyat üzərində qurulmamalıdır. Hədiyyə vermək sadəcə simvolik bir jestdir – biri digərinə xatirə və ya özəl gün münasibətilə bir sevinc bəxş edir. Bu xatirə kiçik və ya ucuz olsa belə, böyük minnətdarlıqla qəbul edilməlidir. Təəssüf ki, indiki dövrdə insanlar hədiyyənin məzmunundan çox onun qiymətinə əhəmiyyət verirlər. Bu, insanların maddiyyatçı, hər şeydən maddi mənfəət gözləyən bir düşüncəyə sahib olması ilə bağlıdır. İdealist insanlar azaldıqca maddi dəyərlərə üstünlük verənlər çoxalır. Bu da dövrümüzün əsas problemlərindən biridir. Hədiyyələr insanların sosial gücünü və statusunu nümayiş etdirmək vasitəsinə çevrilib. Məsələn, məktəblərdə uşaqlar bir-birlərinə daha bahalı və "yaxşı" hədiyyə almağa çalışırlar. Əvvəllər insanlar sadə bir açıqca və ya simvolik bir hədiyyə ilə sevinc paylaşırdı. Amma indi hədiyyənin dəyəri və qiyməti əsas meyar hesab edilir. Bu, həm insanlara maddi çətinlik yaradır, həm də hədiyyənin əsas mahiyyətini unudurlar. İnsanlar düşünməlidir ki, birinə hədiyyə alanda bu hansı məna daşıyır və mənəvi dəyəri nədir? Hədiyyələşməyin mahiyyətini başa düşən biri üçün hədiyyənin bahalığı və ya sadəliyi əhəmiyyət daşımamalıdır”.
Sosioloq müsahibəsində sosial media və rəqəmsallığın hədiyyə mədəniyyətinə necə təsir etdiyini də açıqlayıb:
“Rəqəmsallıq bizə bir çox asanlıq gətirsə də, bayramlaşma və hədiyyələşmə ənənələrində soyuqluq yaradıb. Artıq insanlar üzbəüz görüşüb təbrikləşmək yerinə bir-birinin kart nömrəsinə məbləğ köçürərək bayramlaşdıqlarını düşünürlər. Halbuki bayramların əsas mahiyyəti yaxınlarımızla vaxt keçirmək, sosiallaşmaq və ünsiyyət qurmaqdır. Əvvəllər insanlar bir araya gələr, bir-birini ziyarət edər, bayramları birgə qeyd edərdilər. İndi isə texnologiya vasitəsilə bu dəyərlərdən uzaqlaşırıq. Ən yaxşı halda görüntülü danışırıq, amma çox zaman sadəcə mesaj yazmaq və ya pul göndərməklə kifayətlənirik. Onlayn platformalar vasitəsilə hədiyyə almaq da həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər insanlar bazarları və dükanları gəzərək istədiklərini tapmağa çalışır, bu zaman satıcılarla və digər alıcılarla ünsiyyət qururdular. Bu, sosiallaşmanın bir növü idi. İndi isə hər şey bir kliklə əldə edilir. Bu, vaxt və enerji qənaəti baxımından yaxşı olsa da, sosial ünsiyyət imkanlarımızı əlimizdən alır. Beləliklə, texnologiyanın gətirdiyi rahatlıqla birlikdə, sosial bağlarımız zəifləyir. Bu balansı qorumaq üçün həm texnologiyanın rahatlıqlarından faydalanmalı, həm də sosial dəyərlərimizi itirməmək üçün daha şüurlu şəkildə hərəkət etməliyik. Bayramların və hədiyyələşmənin əsas mahiyyətini – insanları bir araya gətirmək və mənəvi bağları gücləndirmək məqsədini unutmamalıyıq”.
Xanım Ağamalıyeva