Türkiyə-Suriya münasibətləri-Gələcəyin məxfi strategiyası
Bölmə: Siyasət › ,Tarix: 22:40 26.12.2024
Türkiyənin Suriya ilə bağlı siyasəti beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Regional güclər arasındakı qüvvələr nisbəti və gələcəkdə baş verə biləcək mümkün geosiyasi dəyişikliklər bölgədə ciddi təsirlərə səbəb ola bilər. Türkiyənin yaxın dövrdə Suriya ilə bağlı həyata keçirmək istədiyi strategiyalar və onların nəticələri qlobal balansı necə dəyişdirəcək?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov qeyd edir ki, Türkiyə üçün Suriyadakı əsas hədəf radikal kürdlərin idarə etdiyi Demokratik Suriya Qüvvələri və ona bağlı YPG qruplaşmalarıdır:
"Suriyanın şimalında, ərazilərin böyük hissəsinin onların nəzarətində olduğunu bilirik. Türkiyə, Suriya ilə birlikdə, bu əraziləri həmin qruplaşmalardan təmizləmək istəyir. Bugün biz Türkiyənin sərhədə texnika və canlı qüvvə topladığının şahidi oluruq. Ehtimal olunur ki, ilk həmlə olaraq məhz Ayn əl-Ərəb (Kobani) istiqamətində radikal kürd qruplaşmalarına qarşı hücum həyata keçiriləcək və bu güclər neytrallaşdırılacaq. İlkin hədəf, Türkiyə sərhədi boyunca təhlükəsiz zonaların yaradılması və həmin ərazilərin YPG qruplaşmalarından təmizlənməsidir. İkinci mərhələdə isə düşünürəm ki, Türkiyə Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra geri qalan kürd qruplaşmalarının tərksilah edilməsi ilə bağlı danışıqlar aparacaq. Eyni zamanda, bu danışıqların nəticəsi olaraq ABŞ bazalarının taleyi məsələsi də müzakirəyə çıxarıla bilər. Türkiyənin əsas məqsədlərindən biri Suriyanın ərazi bütövlüyünün bərpasıdır. Bu, birincidir. İkincisi, Suriyada olan terror təhdidlərinin aradan qaldırılmasıdır. Gələcəklə bağlı əsas plan, Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasıdır. Burada ABŞ dəstəklədiyi radikal kürd qruplaşmaları ilə yanaşı, Əsəd rejiminə maraqlı olan İran təsirli ələvilərin də təsiri var. Bu qruplar yaxın günlərdə Homs və digər yaşayış məntəqələrində üsyan təşkil etməyə çalışıblar. Onların təsirsiz hala gətirilməsi vacib addımlardan biridir. Digər tərəfdən, Rusiyanın Suriyadakı bazaları hələ də qalmaqdadır. İsrail isə Suriyanın Qolan təpələri ərazisində nəzarəti ələ keçirib. Bütün bunlar Suriyanın təhlükəsizliyinə təhdiddir. Türkiyənin ilkin planı bu təhdidlərin aradan qaldırılması və Suriyanın suverenliyinin təmin olunmasıdır".
"Eyni zamanda, Türkiyə Suriyanın yenidən qurulması və bərpası üçün səylər göstərir. Bu proses həm Türkiyədə yaşayan 3 milyondan çox suriyalı qaçqının vətənlərinə təhlükəsiz şəkildə geri qayıtmasına, həm də Suriyanın demokratik və inkişaf edən bir dövlətə çevrilməsinə kömək edəcək”.
Zəhra Məmmədova