Bakıdakı avtobus gecikmələrinin səbəbi nədir?-Ekspert AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 23:20 26.12.2024
"Yolların bağlanması və sıxlığın yaranması nəticəsində həm fərdi avtomobillər, həm də avtobuslar tıxacda gözləməli olurlar".
Bu sözləri "informator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov söyləyib. Ekspert şəhərdaxili avtobusların vaxtında hərəkət etməməsinin əsas səbəblərindən də bəhs edib:
"Əvvəlki dövrlərdə avtobusların gecikmələrinin əsas səbəbi marşrutların az sayda avtobusla işləməsi idi. Ancaq hazırda belə bir qıtlıq yoxdur. Lakin yenə də yeni avtobuslara ehtiyac var. Sentyabrın 15-dən bu günə qədər marşrutlara yeni avtobuslar buraxılmaqdadır. İnkişaf etdirilmiş 170 ədəd avtobus mərhələli şəkildə təmir olunmuş və standartlara uyğun olaraq marşrutlara daxil edilib. Eyni zamanda, 160 ədəd elektrobus ölkəyə gətirilmiş və marşrutlara əlavə edilib. Həmçinin, özəl daşıyıcılar tərəfindən 160 avtobusun da bu ilin dekabr və yanvar aylarında mərhələli şəkildə ölkəyə gətirilməsi planlaşdırılır. Bu özəl daşıyıcıların daxil etdiyi avtobuslar arasında elektrobusların olması da ekoloji cəhətdən müsbət bir inkişafdır".
Eldəniz Cəfərovun sözlərinə görə, avtobus gecikmələrinin digər bir səbəbi Bakı şəhərindəki tıxaclardır:
"Bu tıxaclar əsasən subyektiv faktorlardan qaynaqlanır; yəni, tıxacların yaranmasına yalnız avtomobillərin sayının artması deyil, həmçinin müxtəlif tədbirlərin keçirilməsi də təsir edir. Bu səbəbdən, tıxacların aradan qaldırılması üçün konkret bir həll yolu mövcud deyil".
Fatimə Abdulrəhimli