Restoranlarda müştərilərdən tələb olunan “servis haqqı” kimə çatır ?-MÜTƏXƏSSİS AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:30 26.12.2024

Son illərdə bəzi restoranlarda müştəridən “servis haqqı” tələb olunur. Bu ümumi məbləğin 10%-ni təşkil edir.

 

Mövzu ilə bağlı Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi “informator.az” a açıqlamasında bildirib ki, “çay pulları”nın mövcud olması qanunvericilikdə mövcud deyil və ümumiyyətlə bu sahədə nə “çay pulu”, nə “servis haqqı”nı tənzimləyən qanun, hansısa bir normativ, hüquqi sənədimiz yoxdur:

 

“Bizim restoran biznesini tənzimləyən hüquqi bazamız zəifdir. Ümumiyyətlə, restoran biznesinin standartlarını, fəaliyyətini tənzimləyən, koordinasiya edən vahid bir dövlət qurumumuz da yoxdur. Biz assosiasiya olaraq 2009-cu ildən fəaliyyət göstəririk. Fəaliyyətimizin məqsədi otel və restoranların fəaliyyətinə müsbət təsir etməkdir. O cümlədən, belə hallar aşkar olunarkən iradımızı bildirir, çalışırıq ki, həmin müəssisələrin rəhbərliyi öz fəaliyyətlərinə diqqət yetirib boşluqlara yol verməsinlər”.

 

Müsahib qeyd edib ki, “servis haqqı” nın kimə çatması hər restoranın daxili məsələsidir:

 

“Ölkəmizdə restoranlarda əməkhaqqı yüksək deyil. Bəzi restoranlarda servis haqqı personal arasında bölünür. Bu zaman gün ərzindəki məbləğ toplanır. Gün sonu isə bu məbləğ işçilər arasında bölünür. Burada əsas məqam bu haqdan mətbəx işçilərinin almaması və ya nadirən almasıdır. Lakin bu bəxşişdən onlara də nəsə çatmalıdır. Bəzi restoranlarda isə servis haqqı elə o masaya xidmət edən ofisianta düşür. Ümumiyyətlə bu məsələ ilə bağlı Azərbaycanda mədəniyyət formalaşdırılmalıdır. Restoranda servis haqqı tətbiq olunursa, bu barədə müştəriyə öncədən məlumat verilməlidir. Avropanın bir çox ölkələrində bəxşiş hesabın 5-10 faizini təşkil edir. Azərbaycada da bu məbləğ adətən ümumi məbləğin 10 %-ni təşkil edir. Bəzi restoranlarda alınan 20-25 faiz servis haqqı heç də məqsədəuyğun deyil”.


Kəmalə Vəliyeva