Bayramov Hakan Fidanla qəzadan danışdı
Bölmə: Siyasət › ,Tarix: 21:57 27.12.2024
Xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə “İnformator.az”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.
Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.