Bakı-Qroznı təyyarəsinin vurulması ilə bağlı Rusiya və Azərbaycan arasındakı gərginlik

Bölmə: Siyasət › ,
Tarix: 22:23 27.12.2024

25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktauda baş vermiş qəzasının araşdırılması artıq neçə gündür ciddi şəkildə davam edir. Bu barədə Rusiya rəhbərliyinin səssizliyi ciddi bir narahatlıq doğurur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Turan Rzayev qeyd edir ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasının detalları məlum olub:


"Təyyarəni Rusiya hava hücumundan müdafiə qüvvələri vurub. Eyni zamanda, radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Rusiyanın qəsdən AZAL-a məxsus sərnişin təyyarəsini vurduğunu düşünmürəm. Düzdür, Rusiya bir çox hallarda beynəlxalq hüququ kobud şəkildə pozub, lakin Azərbaycanla münasibətləri gərginləşdirmək Kremlə heç bir müsbət divident vermir. Əksinə, Azərbaycan neytral ölkədir və Qərb ilə Rusiya arasında balans siyasəti həyata keçirir. Bundan başqa, Bakı Moskvaya qarşı Qərbin sanksiyalarına qoşulmadığı kimi, Ukrayna ərazilərinin işğal edildiyini də açıq şəkildə bildirir. Təyyarəmizin vurulma faktının Rusiya rəhbərliyinə ilk anlardan deyilmədiyi hiss olunur. Çünki hadisə baş verəndə, Rusiya prezidenti MDB liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə hazırlaşırdı. Putin son illərdə MDB sammitlərinə xüsusi diqqət ayırır və çətin ki, sammitin gedişatına xələl gətirəcək bir əmr versin. Bununla belə, Rusiyanın xoşagəlməz addımları da var. Təyyarənin Qroznı, Mahaçqala və Minvod aeroportlarına enişinə icazə verilməməsi, Aktau hava limanına yönləndirilməsi ilk diqqətçəkən məqamdır. Bu, bir daha iz itirmə versiyasını gündəmə gətirir. Daha dəqiq desək, hadisədə günahkar olanlar bunu edib, cəzadan yayınmağa çalışıb. Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə qoymaq üçün göstərdiyi canfəşanlıq da, məsələnin Rusiya rəhbərliyinə məruzəsindən sonra öz maraqları istiqamətində manipulyasiya etmək cəhdini göstərir”.

 

İndiki məqamda cavabsız suallar var:

 

Rusiya Azərbaycandan üzr istəyəcəkmi?

 

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.” Azərbaycan Prezident Administrasiyası isə bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək. Faktiki olaraq, təyyarəmiz Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb. Yəni, Rusiya məsələdən yayına bilməz. Bununla belə, Kremlin səssizliyi diqqət çəkir. Əgər bu sükut davam edərsə, Bakı Moskvaya nota verə bilər. Rusiya üzr istəməli, yaralılara və həyatını itirənlərə təzminat ödəməli, hadisədə əli olanları məsuliyyətə cəlb etməlidir. Əgər bunu etməsə, iki ölkənin münasibətləri zərər görə bilər".


Zəhra Məmmədova