Münasibətlərdə konfliktlər və pozitiv tərəflər -Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 14:12 28.12.2024
Münasibətlər həyatın ayrılmaz hissəsidir və hər bir münasibət həm müsbət, həm də mənfi tərəflərə malikdir. İnsanlar arasında əlaqələr zamanla inkişaf edir və təbii olaraq müəyyən çətinliklər və anlaşılmazlıqlar ortaya çıxır.
Bu barədə ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az" saytına açıqlamasında bildirib ki, bütün münasibətlərdə həm konfliktli, həm də pozitiv tərəflər mövcuddur:
" Lakin, nəzərə almaq lazımdır ki, dəyərləri üst-üstə düşən cütlüklər – yəni, eyni şeyləri qiymətləndirən və dünyaya bənzər baxış tərzləri olan insanlar arasındakı münasibətlər daha yaxşı inkişaf edir. Belə münasibətlərdə anlaşılmazlıq daha az olur, çünki tərəflərin həyatı və dünyanı dəyərləndirməyi oxşardır. Amma hər bir münasibət mükəmməl ola bilməz, konfliktlərin olması normaldır. Əslində, konfliktin olmaması bir münasibətin qeyri-sağlam, hətta toksik olduğunu göstərə bilər, çünki bu zaman bir tərəf güclü manipulyasiya edə bilər. Küsmə və anlaşılmazlıq kimi halların baş verməsi təbii və normaldır, amma bunlar yalnız barışmağa yönələn cəhdlərlə aradan qaldırıla bilər. Hər iki tərəf barışmağa çalışarsa, münasibət sağlam və güclü olur".
Psixoloqun sözlərinə görə, münasibətdə tərəflərin bir-birinə tam açıq olması və duyğularını, düşüncələrini dürüst şəkildə ifadə etməsi çox vacibdir:
" Bəzən biri asosial olub hislərini gizlətməyi üstün tutarkən, digər tərəf tam açıq olmaq istəyir və qarşı tərəfdən də bunu gözləyir. Bu fərqliliklər bəzən anlaşılmazlıqlara səbəb ola bilər. Lakin, ümumilikdə, duyğular və düşüncələr açıq şəkildə ifadə edildikdə, heç bir münasibət anlaşılmaz və çətin olmaz".
Çinarə Tarverdiyeva