Rusiya kəşfiyyatı-ABŞ hücumu planlaşdırır
Bölmə: Siyasət › ,Tarix: 19:13 28.12.2024
Rusiya kəşfiyyat orqanlarının verdiyi məlumata görə, ABŞ müxtəlif bölgələrdə hücum əməliyyatlarına hazırlaşır.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov “İnformator.az”a verdiyi açıqlamasında Rusiya ilə ABŞ arasında artan geosiyasi gərginliyi şərh edib:
“Rusiya ilə kollektiv Qərbin əsas dayağı olan ABŞ birbaşa qarşıdurmadan çəkinərək, müxtəlif dövlətlər və qruplar vasitəsilə mübarizə aparır. Rusiya-Ukrayna müharibəsi fonunda Moskva və Vaşinqton müxtəlif bölgələrdə bir-birlərini hərbi əməliyyatları alovlandırmaqda ittiham edirlər. Bu da tərəflərin daha dərin bir planının olduğunu deməyə əsas verir. Mövcud qeyri-müəyyənlik isə hər iki tərəfdə narahatlığa səbəb olub.
Ona görə də Rusiya və ABŞ arasında nə baş verəcəyi ilə bağlı müxtəlif iddialar mövcuddur. ABŞ-Rusiya qarşıdurmasının kəşfiyyat, hibrid və iqtisadi sanksiyalar mərhələsinin nüvə savaşına çevrilmə ehtimalı da ən son versiya kimi masadadır”.
Siyasi şərhçi Elmir Səftərov Rusiya və ABŞ arasındakı gərginliyin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib:
“Qarşıdurmanın genişmiqyaslı münaqişələrə səbəb olma ehtimalı dünya birliyində narahatlıq doğurur. Məhvə doğru aparan nüvə savaşından çəkinən tərəflər müttəfiqlərinə çoxlu sayda silah ötürür və strateji hədəflərini gücləndirirlər. Özünə təhdid bildiyini əsas gətirərək Ukraynada savaşa başlayan Rusiya, Kiyevə açıq hərbi dəstək verən və ona qarşı sanksiyalar tətbiq edən ölkələri potensial düşmən kimi qəbul edir. Ona görə də növbəti qarşıdurma kimi coğrafi cəhətdən özünə ciddi təhdid bildiyi ölkəyə hücum edə bilər. Bu səbəbdən də Qərb dövlətləri növbəti hədəf ola biləcəyi ilə bağlı həyəcan təbili çalır və ABŞ-ni onların narahatlığını aradan qaldırmağa çağırır.
ABŞ və Böyük Britaniya isə Yaxın Şərqdə xaos vəziyyətini saxlamaqla regionda təsir rıçaqlarını gücləndirməyə ümid edirlər. Buna isə Rusiyanın Suriyanın Aralıq dənizi sahillərindəki hərbi mövcudluğu mane olur. Müttəfiqlər müxtəlif təxribatlarla və silahlı qruplaşmaların fəaliyyəti ilə Rusiyanı Suriyadan çıxarmağa cəhd edirlər. Bu baş verərsə, Moskvanın Yaxın Şərqdəki təsir gücü və nəzarət mexanizmləri ciddi şəkildə zədələnəcək”.
Xanım Ağamalıyeva