Şəxsi inkişaf kitabları: Həqiqət yoxsa mif?

Bölmə: Sosial › ,
Tarix: 21:12 28.12.2024

Şəxsi inkişaf kitablarını müasir dövrdə geniş oxucu kütləsi maraqla qarşılayır. Özünəinamı artırmaq, həyat məqsədlərini müəyyənləşdirmək və uğur qazanmaq üçün bu kitablar bir çoxlarına ilham mənbəyi olsa da, bəziləri onların təsirinin müvəqqəti və ya hətta aldadıcı olduğunu düşünür. Bu mövzuda fikirlər müxtəlifdir

 

Bu barədə psixoloq Nizami Orucov "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, şəxsi inkişaf kitablarının faydası müəyyən hallarda oxucunun özündən asılı ola bilir:

 

"İnsana görə dəyişir. Elə insan var ki, şəxsi inkişaf tipli kitabları üzdən oxuyur. Təhlil etmir, xüsusi nüansları qeyd etmir, qısamüddətli hafizədə qalacaq şəkildə vaxtını kitaba sərf edir. Belə olduqda kitabın şəxsdə müvəqqəti həvəs, motivasiya yaratması yüksək ehtimaldır. Amma bunun tam tərsi olduqda, şəxs təhlil və analiz edərək kitabı oxuduqda, təsiri daha uzun müddət qalıcı ola bilir".

 

Psixoloqun fikirlərinə görə, tək oxucu deyil, digər faktorlara da diqqət yetirmək lazımdır:

 

"Bu faktorları bir kənara qoysaq, digər məsələ kitabın axıcılığı, izah forması və mövzusu da təsiredicilikdə özünü göstərəcəkdir. Çünki oxucu xüsusilə şəxsi inkişafla bağlı kitaba müraciət edərkən gözləntisi yüksək ola bilir. Əgər kitabın dili çətin, yorucu və təkrarlarla dolu olarsa, oxucunun kitabı yarıda qoyma ehtimalı, ya da tamamlasa belə bir şey əldə edə bilməmə ehtimalı çox yüksək olar.

Ona görə də, yaxşı olardı ki, oxucular ilk öncə şəxsi inkişaf kitabını oxuyacağı yazarın fəaliyyətini, yazı dilini araşdırsın. Bununla yanaşı, özünün hər zaman meyil etdiyi kitab dili, axıcılığını da tapmalıdır. Ona əsasən də kitab seçimini etməlidir.

Bu tipli kitabların hamısı mütləq təsir edəcək deyə bir qənaətə gəlmək də olmur. Amma əsas olan şəxsin öz gözləntisi və oxuyacağı kitabın “mayasını” öyrənib, ona əsaslansın. Bu halda daha qalıcı nəticələr əldə edilə bilər".

 

Nuray Qurbanlı