Süni İntellekt və No-Code Platformaları-Junior proqramçılara tələbat azalır..

Bölmə: Sosial › ,
Tarix: 21:18 28.12.2024

"Süni intellekt və no-code texnologiyalarının inkişafı ilə əlaqədar olaraq, gələcəkdə yalnız yüksək səviyyəli, dərin biliyə sahib olan mütəxəssislərə ehtiyac duyulacaq".

 

Bu sözləri "informator.az"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü Fərid Kazımov söyləyib. Ekspert İT sahəsində karyera qurmaq üçün bootkamplərin universitet təhsilini əvəz edə bilib-bilməməsindən də bəhs edib:

 

"Bootkamplar və digər uzunmüddətli təlim proqramları, ümumiyyətlə, universitet təhsilini əvəz edə bilməz. Bunun əsas səbəbi, bootkampların və təlimlərin qısa müddət ərzində praktiki bacarıqları inkişaf etdirməklə, konkret peşə sahələrinə yönəlməsi, universitet təhsilinin isə daha geniş və nəzəri bazada bilikləri, elmi yanaşmaları təklif etməsidir. Bootkamplar, ümumiyyətlə, tətbiqi yönümlü təlimlər olaraq, iş bazarının təcili tələblərinə cavab verməyə çalışır, lakin universitetlərdə verilən təhsil daha dərin, akademik və konseptual biliklərə əsaslanır. Universitet təhsili, əslində, zabit hazırlamaq kimidir, o da yüksək səviyyəli təhlil və mühəndislik bacarıqlarını inkişaf etdirən bir prosesdir. Bootkamplar isə sadəcə bir peşə hazırlığı olaraq, adətən əsgər hazırlığına bənzədilir, çünki onlar daha çox praktiki biliklərə fokuslanır. Azərbaycan konteksində, ali təhsil sisteminin müasir IT sahələrinə uyğunlaşdırılmasında ciddi çatışmazlıqlar mövcuddur. Çox vaxt universitet təhsili, texnologiyanın sürətli inkişafına uyğun deyil, bu səbəbdən tələbələr bazar tələblərinə cavab vermək üçün əlavə olaraq bootkamplara və digər qısa müddətli təlimlərə müraciət edirlər. Bu reallıq, həmçinin beynəlxalq təhsil sistemlərində də mövcuddur. Çünki texnologiyalar daim yenilənir və buna uyğun olaraq, ali təhsil sistemləri də daim yenilənməlidir. Lakin, akademik təhsil texnologiyaların təhlili, konseptual əsasları və mühəndislik tərəfini əhatə edir, hansı ki, bu, sadə təlimlər vasitəsilə öyrənilə bilməz".

 

Fərid Kazımovun sözlərinə görə, bir çox proqramçılar üçün yüksək səviyyəyə çatmaq və mürəkkəb məsələləri həll etmək üçün yalnız praktiki təcrübə yetərli olmur:

 

"Buna əlavə olaraq, onların daha dərin nəzəri və riyazi biliklərə malik olmaları zəruridir. Əgər Azərbaycanın təhsil sistemi müasir tələblərə cavab vermək istəyirsə, universitetlər daha çox mühəndislik təhsili verməlidir. Burada nəzərdə tutulan təhsil, proqramlaşdırmanın texniki tərəfləri ilə yanaşı, bu texnologiyaların arxitekturasının qurulması və sistemlərin dizaynını əhatə edən təhsil olmalıdır. Məsələn, 6 ay və ya 8 ay müddətində bir mütəxəssis proqramçı ola bilər, amma o, yalnız müəyyən bir səviyyəyə qədər inkişaf edə bilər. Proqramçılar üç səviyyəyə bölünür: junior, middle və senior. Yalnız nadir hallarda bootkamplarda təlim keçmiş mütəxəssislər junior-dan middle və ya middle-dan senior səviyyəsinə yüksələ bilərlər. Bu, çox nadir bir haldır, çünki senior səviyyəsi artıq çox dərin, riyazi biliklər tələb edir və bootkamplar buna uyğun təlim verə bilmir. Bu baxımdan, proqramçıların inkişafı üçün çox vacib olan əsas biliklər yalnız akademik təhsil vasitəsilə verilə bilər. Bootkamplar yalnız başlanğıc və orta səviyyədəki bacarıqları inkişaf etdirə bilər, lakin onların təqdim etdiyi məlumatlar, daha yüksək səviyyəli biliklərin və texnologiyaların təhlilini tələb edən mürəkkəb problemlərin həllinə xidmət etmir. Azərbaycanın iri İT şirkətlərinin bəzilərində daxili təhsil proqramları mövcuddur. Onlar gəncləri götürür, onları hazırlayır və özləri proqramçı yetişdirirlər. Bu şirkətlər, adətən, yalnız riyazi bilikləri olan insanları seçirlər, çünki bilirlər ki, riyazi bilikləri olan adama proqramçılığı öyrətmək olar, amma riyazi bilikləri olmayan bir şəxs üçün bu inkişaf mərhələsi daha çətin olacaqdır. Bu məsələ çox önəmlidir. Son zamanlarda, Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin proqramları ilə təqaüd və təlim imkanları yaradılmaqla yanaşı, beynəlxalq əməkdaşlıqlar vasitəsilə də kibertəhlükəsizlik kimi sahələrdə xüsusi təhsil proqramları təqdim edilir.  var. Bu proqram çərçivəsində minlərlə gənc dövlət tərəfindən təqaüd vasitəsilə proqramlaşdırma üzrə təlimlərdən keçib və keçməkdədir. Belə proqramlar, sadəcə Bakıda deyil, regionlarda da fəaliyyət göstərir və gənclər bu təlimlər sayəsində müasir peşələrə yiyələnə bilirlər. Global bootkamplar da mövcuddur. Bu platformalar vasitəsilə dünyanın hər yerindən insanlar bu təlimlərə qoşula bilər. Lakin bu bootkampların qiyməti yüksəkdir, 3-5 min dollar civarında olur. Azərbaycanda isə, dövlət tərəfindən təqaüd proqramları mövcuddur ki, bu da gənclərə proqramlaşdırma və digər sahələr üzrə təlimlər almağa imkan yaradır. Lakin bu proqramlar da ümumilikdə çox spesifik istiqamətlərə yönəlmişdir və geniş təhsilin yerini tuta bilməz. Beləliklə, dövlətin təklif etdiyi təqaüd və təlimlər əlverişli olsa da, uzunmüddətli həll yolu, daha güclü və müasir akademik təhsil sisteminin qurulmasından keçir. Ümumiyyətlə, süni intellekt və no-code texnologiyalarının sürətli inkişafı etməkdədir. Bu trend, qlobal miqyasda olduğu kimi, Azərbaycanda da özünü göstərəcək və buna görə də gənclər, gələcəkdə daha mürəkkəb və elmi yanaşmaları tələb edən peşə sahələrində daha çox ixtisaslaşmağa yönəlməlidirlər. Bu, həm də onların karyera inkişafını təmin etmək üçün vacib olacaq".

 

Fatimə Abdulrəhimli