Qeyri-ənənəvi peşələr-Gələcəyin ən qəribə işləri

Bölmə: Sosial › ,
Tarix: 22:45 16.01.2025

Müasir texnologiyanın inkişafı, cəmiyyətin dəyişən tələbləri və innovasiyaların iş dünyasına təsiri ilə birbaşa bağlıdır.

 

Mövzu ilə bağlı sosioloq Lalə Mehrall “informator.az”a açıqlamasında bildirib ki, süni intellektin bir çox peşədə insanları əvəzləyəcəyi ehtimalı var:

 

“Yaxın gələcəkdə süni intellektin veb-dizayner, loqo dizayneri, satış nümayəndəsi və auditor kimi peşələrdə insanları tamamilə əvəz etməsi mümkündür. Bunun nisbətən sadə imkanlarla tətbiqini artıq bu gün görmək mümkündür. Təbii ki, bunun dərhal baş verəcəyini gözləmək doğru olmaz. Çünki bəzi vərdişlər hələ dəyişməyib və insanın yerinə robotu qəbul etmək cəmiyyət üçün o qədər də asan olmayacaq. Bir vaxtlar banka getmədən əməliyyatlar mümkün deyildi, amma indi bir mobil tətbiq vasitəsilə bütün bank əməliyyatlarımızı həyata keçirə bilirik:

 

“Ötən il ABŞ-nin Prinston Universitetinin araşdırmasına görə, süni intellektin insanları əvəz edə biləcəyi 20 peşə müəyyən edilib. Bu siyahıda birinci yerdə çağrı mərkəzi operatoru dayanır. Süni intellektin operatorluğu hətta insandan daha yaxşı bacardığı iddia edilir. Əslində, bir çox şirkətin bu iş üçün artıq süni intellektlə dəstəklənən “chat-bot”lardan istifadə etdiyini nəzərə alsaq, bu nəticə təəccüblü deyil. Digər peşələrdən aktuar hesabat, büdcə təhlili, mühasibatlıq və hakimlik kimi sahələrdə də süni intellektin insanları əvəz edə biləcəyi vurğulanır”.

 

Müsahib qeyd edir ki, süni intellektin öz üzərinə götürəcəyi işlər siyahısında ən çox müəllim peşəsi yer tutur:

 

“Xarici dilləri, fəlsəfə və dini, siyasi elmləri, psixologiyanı, coğrafiyanı, sosial elmləri, hərbi hazırlığı, tarixi, hüquq elmlərini tədris edən müəllimlər, etnik və mədəni araşdırma aparan tədqiqatçılar və kitabxanaçılar işi əlindən alınacaq ilk insanlar olacaq. Hazırda süni intellekt artıq müxtəlif şirkətlərdə satış, marketinq və ünsiyyət proseslərini öz üzərinə götürməyə başlayıb”.

 

Sosioloqun fikrincə, süni intellektdən istifadə etmək istəyənlərin qarşısında iki yol var:

 

“Biz ya onun imkanlarından istifadə edərək bacarıqlarımızdan üstün qabiliyyət göstərib, yaradılışın ən zəkalı varlığı olduğumuzu sübut edəcəyik, ya da ona təslim olaraq bacarıqlarımızı əlimizdən verəcəyik. Biz tənbəlləşirik, bunu etiraf etmək lazımdır. Fiziki iş görmək istəmir çox adam. Belə davam etsək, vəziyyət yaxşı olmayacaq. İdrak qabiliyyətimizi, məhsuldarlığımızı və yaradıcılıq bacarığımızı çox az nümayiş etdirdiyimiz və ya heç nümayiş etdirə bilmədiyimiz bütün işlər bir gün süni intellektə keçəcək. Bu transfer prosesi isə ictimaiyyətin qəbula görə uzun və ya qısa olacaq. Başlanğıcda insan əvvəlcə müqavimət göstərəcək, lakin sonra maşınla əməkdaşlıq edəcək. İnsan əvvəlcə onu yenidən öyrənməyə məcbur edəcək və onu rahatlıq zonasından çıxaracaq hər şeyə qarşı müqavimət göstərəcək. Dünya dəyişmək uğrunda amansız bir mübarizə aparır. Hər gün yenilənir, “refresh” olur. Ümid edək hər şey yaxşılığa doğru dəyişəcək. Həyata davam edə bilmək üçün virtual aləmə ayaq uydurmalıyıq. Əgər virtual dünya real dünyaya qalib gəlsə, heç nə indiki kimi olmayacaq”.


Aydan Quliyeva