“O, siyasətə ticarət kontekstində yanaşır”

Tarix: 19:39 23.01.2025
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp, hələ səlahiyyətlərinin icrasına başlamamışdan öncə, bir sıra qalmaqallı fikirləri ilə dünyanı təəccübləndirib. O, Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını təklif edib və Danimarkadan Qrenlandiya adasını satmasını istəyib.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, siyasətdə real hesab olunmayan vədlər vermək və pr kampaniyaları aparmaq o qədər də təəccüblü deyil, əksinə bəzi hallarda məqbul hesab olunur:
“Trampın çıxışı populist xarakter daşıyır. Qrenlandiya adasına olan iddiası onun biznesmen təfəkkürünə malik siyasətçi olması ilə bağlıdır. O, siyasətə ticarət kontekstində yanaşır. Nə Kanadanın 51-ci ştat olması, nə də Qrenlandiya adasının alınması realdır və bu, hər hansısa bir müharibəyə və ya hərbi toqquşmaya səbəb olmayacaq. Tramp Kanadaya güc vasitəsilə yox, iqtisadi təsir rıçaqları ilə təsir etməyə çalışacaq. Burada da əsas məqsəd Kanadanı özündən asılı vəziyyətə salmağa çalışmaqdır”.
Kənan Novruzov ABŞ-Britaniya münasibətlərinə də toxunub:
“ABŞ-la Avropa dövlətləri arasında bu və ya digər səbəbdən, xüsusilə Ukrayna ilə bağlı münasibətlərin pisləşməsi gözləniləndir. Amma bu, kritik həddə çatmayacaq. Konkret olaraq Kanada məsələsi yalnız o halda gərginliyə səbəb olar ki, Tramp ciddi olduğunu göstərsin və bəyanatlardan konkret addımlara keçsin. Amma Britaniya asanlıqla ABŞ-la münasibətləri pisləşdirmək istəməz”.
Vüqar Alışov