Ukrayna, Rusiya və ABŞ-Zəmanət, Torpaq və Gələcək Dəyişənlər
Bölmə: Siyasət › ,Tarix: 18:41 24.01.2025
Bu mövzu Ukrayna, Rusiya və ABŞ arasında mövcud olan mürəkkəb siyasi və hərbi dinamikanı əhatə edir. Məsələnin əsasını Ukraynanın təhlükəsizliyi, ərazi bütövlüyü və iqtisadi inkişafı təşkil edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki,Zelenskinin istədiyi zəmanət sadəcə sənəd üzərində olmayacaq:
“Zelenskinin Trampdan istədiyi zəmanət məsələsi mənə elə gəlir ki, sözdə və ya sənəd üzərində zəmanətdən ibarət olmayacaq. Zelenskinin burada, həm də Ukraynaya kiminsə hücum etməməsi üçün daha ciddi silahların yerləşdirilməsindən söhbət gedir. Eyni zamanda, burada ölkənin iqtisadi bazasını formalaşdıracaq daha ciddi layihələrin və addımların atılmasından söhbət gedir. İndiki məqamda Donald Tramp sadəcə sənəd üzərində Ukraynaya zəmanət verə bilər. Bu da Zelenski üçün çıxış yolu olmayacaq. Zelenskinin razılaşmaması daha ağıllı addım olar. Çünki 90-cı illərdə Sovet imperiyasının çökməsindən sonra yaranan müstəqillik şəraitində Ukrayna nüvə silahına malik idi və bunu daha da zənginləşdirə bilərdi. Amma Rusiya və ABŞ-ın birgə zəmanəti ilə Ukrayna özünü bir növ tərksilah etmiş oldu. Daha zəif mövqeyə sahib oldu”.
Həşim Səhrablı həmçinin Rusiyanın bu məsələ ilə bağlı atacağı addımlarada diqqət çəkib:
“İndi Zelenski yaxşı başa düşür ki, kağız üzərində zəmanət de-fakto meydanda işə yaramır. Ona görə də Zelenskinin istəyəcəyi zəmanət kağız zəmanəti deyil, silah, iqtisadiyyat və sosial rifah zəmanətidir. Ona görə də mən düşünürəm ki, Trampın Ukraynanı razı salması üçün bu zəmanət məsələsindən daha çox, bölgədə ona qazanc verməlidir. Yəni işğal edilmiş Ukrayna torpaqlarının əhəmiyyətli bir hissəsi azad edilməlidir ki, Zelenski zəmanətlər məsələsində də güzəştlərə getsin.
Zelenskinin zəmanət tələb etməkdə məqsədi güclənib torpaqları azad etməkdir və əgər Donald Tramp torpaqların böyük qismini azad edərsə, zəmanət məsələsi də ikinci plana düşə bilər. Amma bu da tamamilə bu gün üçün çətin görünən məsələdir. Ona görə ki, Rusiya hazırda meydanda daha üstün mövqedədir. İrəliləməyə az da olsa davam edir və Putin xarakter etibarilə bir az sözündən dönməyən, məsələlərin ziddinə gedən siyasi fiqurdur. Ona görə də mən belə başa düşürəm ki, Trampın şərtləri qarşısında Rusiya tərəfinin özünün şərtləri olacaq. Bu şərtlər qarşılığında tərəflərin tutduqları mövqelərdə qalması məsələsi olacaq ki, Rusiya bunların de-yure onun ərazisi kimi tanınmasını istəyəcək. Ən yaxşı halda bu, bir atəşkəs razılaşması olacaq.
Yekun olaraq, indiki məqamda, yaxın müddətdə münaqişənin həlli üçün heç bir işıq ucu yoxdur. Münaqişənin həlli tamamilə Trampın Ukraynaya daha ciddi yardım etməsi ilə baş verə bilər”.
Nəzrin İsmayılova