Rəsulzadə ilə döyünən ürəyimiz

Bölmə: Siyasət › ,
Tarix: 15:54 31.01.2025

Azadlıq uğrunda mübarizə aparan böyük şəxsiyyətlər tarixdə dərin izlər qoyublar. Azərbaycan tarixi də böyük şəxsiyyətlərlə zəngindir. Sözsüz ki, belə şəxsiyyətlərdən biri Məhəmməd Əmin Rəsulzadədir. Onun müstəqillik uğrunda və Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında göstərdiyi fəaliyyətləri unudulmur. Çünki bu günkü gündə belə onun adı təkcə tarix səhifələrində deyil, həm də xalqın milli kimlik və azadlıq ideyalarında yaşayır.

 

Azərbaycanı təkcə coğrafi ərazi kimi deyil, müstəqil və hürr görmək istəyən Rəsulzadə bütün ömrünü xalqına, vətəninə həsr etdi. “Bir kərə yüksələn bayraq, bir daha enməz!” –ifadəsi Azərbaycan xalqının azadlıq rəmzinə çevrildi. XX əsrin əvvəllərində Azərbaycan üçün çətin dövr idi, çünki Rus imperiyasının tərkibində idi, amma buna baxmayaraq, Rəsulzadə və onun kimi xalq oğulları Azərbaycanın istiqlaliyyəti uğrunda yorulmadan mübarizə aparırdılar.


1918-ci il Rəsulzadənin və digər istiqlal fədailərinin uzun illər çəkən mübarizəsinin bəhrəsini gördüyü il oldu. Həmin il mayın 28-i demokratik, bərabərlik prinsipləri üzərində Azərbaycan dövlətini qurdular. Bu dövr tarixdə qızıl səhifələr idi.Bolşeviklərin Azərbaycana göz dikməsi və işğal etməsi müstəqilliyimizi çox da uzun sürdürmədi. Rəsulzadə müxtəlif ölkələrdə sürgün həyatı yaşayırdı, amma Azərbaycan uğrunda apardığı ideoloji mübarizəni dayandırmırdı. O Türkiyə, Almaniya, Polşa və İranda Azərbaycanın milli istiqlal məsələsini aid konfranslarda çıxış etdi, məqalələr yazdı və daim gündəm məsələsində saxladı. Sovet rejiminə qarşı ideologiyasını heç vaxt bitirmədi.


Məhəmməd Əmin Rəsulzadə həmişə dövlətçilik ənənələri və əsaslarında yaşayır. O təkcə siyasi müstəqilliklə məhdudlaşmır, xalqın milli şüurunun formalaşması, azərbaycançılıq ideologiyasının yaranmasında da rol oynayır. Bu gün bir kərə yüksələn və bir daha enməyən bayrağımız ucalarda dalğalanırsa, bu, Rəsulzadə və onun yolunu davam etdirənlərin əməyidir. O keçmişin bir parçası olmaqla yanaşı gələcəyimizin qurucusudur. Çünki o, güclü, mədəniyyətli və azad düşüncəli hürr bir xalq görmək istəyirdi.
Ruhən yanımızda olan döyünən ürəyimiz, xalq oğlu Rəsulzadənin mübarizəsi heç bir zaman dayanmadı, dayanmayacaq. Çünki bir kərə yüksələn bayraq, bir daha enməz!

 

Nurcan İsmayılova