Fransalı siyasətçi: Makron ölkədə dövlət çevrilişinə hazırlaşır
Bölmə: Siyasət › ,Tarix: 20:37 04.02.2025
"Fransa Prezidenti Emmanuel Makron ölkədə dövlət çevrilişinə hazırlaşır"- bu fikri Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə bildirib. O hesab edir ki, Riçard Ferranın Konstitusiya Şurasının sədri vəzifəsinə təyin edilməsi təsadüfi deyil. Belə ki, Makron onun vasitəsilə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanı əldə etmək üçün qanunla qoyulan qadağanın ləğvinə nail ola bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, Emmanuel Makronun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatır. Lakin o, üçüncü mandat üçün 2032-ci ili gözləməli olacaq:
" Çünki Fransa Konstitusiyası prezidentlərin ardıcıl iki müddət namizədliyini irəli sürməsini qadağan edir.
Makron, Nikola Sarkozinin 2008-ci ildə qanunu dəyişdirməsindən sonra üçüncü beşillik müddətə namizəd ola bilməyən ilk Fransa dövlət başçısıdır.
Konstitusiya Şurasının gələcək sədrinin doqquz il davam edən mandatı mövcud siyasi kontekstdə, həm də qarşıda iki prezident seçkisinin keçiriləcəyinə görə xüsusilə səs-küylü ola bilər. Çünki Riçard Ferran müsahibəsində prezidentin seçilməsi üçün konstitusiyaya qoyulan iki müddətlik məhdudiyyətin əleyhinə olduğunu bildirib. Ümumilikdə isə Makronun ən yaxın müttəfiqləri və nazirlərinin əksəriyyəti növbəti seçkilər ərəfəsində onun namizədliyini irəli sürməsinə can atırlar. Ferran da prezidentlik müddətinin məhdudlaşdırılmasının əleyhdarı kimi vəzifəyə gələcəyi təqdirdə öz təşəbbüslərini reallaşdırmaq üçün səy göstərə bilər".
Müsahibimizin sözlərinə görə, istənilən halda, Konstitusiya Şurasının sədrinin seçilməsi heç də asan proses deyil və bunu Assambleyanın və Senatın hüquq komitələri dinləməlidir:
"Ferranın namizədliyi zamanı müxalifətin işə qarışması isə Makronun planlarını çətinləşdirə bilər. Bu xüsusda fərqli siyasi fraksiyaların səsləri bu cür təyinatların reallaşdırılması ilə bağlı narahatlıq doğurur.
Xüsusilə qeyd etmək lazımdır ki, Ferranın potensial təyinatının elanına yaxınlaşdıqca Fransada siyasi vəziyyət daha da gərginləşir. Emmanuel Makron qeyri-populyarlıq rekorduna çatması fonunda Avropa Parlamentinə seçkilərdə partiyasının zəif performansı və tarixi məğlubiyyətindən sonra Parlamentdən yan keçərək daha çox prezident fərmanlarına əl atması müxalifət partiyalarında və ictimaiyyətdə qəzəb doğurdu. Hakimiyyətdə əli zəifləyən Makron dövlət səlahiyyətlərindən sui-istifadə edərək müəyyən addımlar atır. Həmçinin öz yaxın adamlarının dövlət vəzifələrinə təyin edilməsi üçün səy göstərir. Buna görə də Fransadakı siyasi ab-havanın və müxalifətlə Makronun artan intriqası fonunda prezidentə çox yaxın birinin vacib strukturlara təyin edilməsi Konstitusiya Şurasının legitimliyini zəiflədəcək.
Hazırda bu addımı qəzəbli müxalifət çox siyasi xarakter daşıdığı üçün tənqid edir. Ümumilikdə isə Riçard Ferran Konstitusiya Şurasının sədri təyin edilərsə, bu, Fransadakı mövcud siyasi qeyri-sabitliyin artmasına və qanunun aliliyinin şübhə altına alınmasına gətirib çıxara bilər".
Aygün Babayeva