Bu dəfə ABŞ-də sərnişin təyyarəsi yoxa çıxıb

Bölmə: Hadisə › ,
Tarix: 16:55 07.02.2025

ABŞ-nin Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu Bering Air şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb.

 

 Təyyarə gözlənilən vaxtda eniş etmədikdən sonra səlahiyyətlilər axtarış əməliyyatına başlayıb. Sərnişin təyyarəsi Unalakleet-Nome reysi ilə yoxa çıxıb. Pervaneli Cessna Caravan tipli təyyarədə 9 sərnişin və 1 pilot olub. Komandalar təyyarənin məlum olan son koordinatlarını əldə etməyə çalışır.

 

 Alyaska dağlıq əraziyə və sərt hava şəraitinə malikdir. Bir çox şəhərlər yollarla bağlı deyil. Buna görə də daşıma üçün kiçik təyyarələrdən istifadə olunur. Bu itmə ABŞ-nin aviasiya nəqliyyatında 8 gündə baş verən 3-cü böyük hadisə idi.

 

 Yanvarın 29-da paytaxt yaxınlığında sərnişin təyyarəsi ilə orduya məxsus helikopterin toqquşması nəticəsində 67 nəfər həlak olub. Yanvarın 31-də Filadelfiyada tibbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 6 nəfər, yerdə isə 1 nəfər həlak olub.

 

Mənbə :CNN News türkçe

Nigar Həsənzadə