USAID-in Gələcəyi Sual Altında: Tramp və Maskdan Sərt İttihamlar

Bölmə: Siyasət › ,
Tarix: 20:03 07.02.2025

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, USAİD-in müxtəlif ölkələrdə “demokratiyanın təşviqi” adı altında zərərli fəaliyyət göstərdiyini iddia edib. Bu ittihamlar beynəlxalq münasibətlərdə gərginliyə səbəb olub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) dünyada donor təşkilat kimi mövcud olsa da, adından da göründüyü kimi yardımlarını çox zaman ABŞ-nin maraqlarına uyğunlaşdırır və qanunsuz fəaliyyətini humanitar yardım adı altında gizlədir:

 

"Bəzən isə daha destruktiv addımları ilə iddiham edilən USAID öz nizamnaməsindən kənara çıxır. Buna görə də təşkilat ölkələrin daxili işlərinə dolayı yolla müdaxilə etməsi, həmçinin dövlətlərdə iğtişaşları qızışdırmaq və hökumətləri sarsıtmaq üçün gizli şəkildə fəaliyyətləri ilə tanınır. Bu, açıq şəkildə beynəlxalq hüquqa və azad, suveren dövlətlər arasında hökm sürməli olan münasibətlərə zidd olan müdaxilə aktıdır. 

ABŞ uzun müddətdir ki, xarici yardım proqramlarını qismən gənc demokratiyaların gücləndirilməsinə yönəltdiyini bəyan etsə də, o, “Soyuq müharibə” zamanı dost avtoritar rejimlərə dəstək vermək üçün USAID-dən istifadə edib. Bundan əlavə, USAID dövlətlərə düşmən olan qrupları maliyyələşdirmək, terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi. 

USAID Gürcüstan və Ermənistan kimi Rusiyanın böyük təsirə malik olduğu ölkələrdə müxalifətyönümlü media subyektlərini, QHT-ləri maliyyələşdirərək inqilablarla ABŞ-nin maraqlarını təmin etməyə çalışıb. 

Ermənipərəst Samanta Pauerin rəhbərliyi ilə Ermənistana müxtəlif adlarla milyonlarla vəsait ayıran USAID bununla Qərbin Ermənistana nüfuz etməsi və orada möhkəmlənməyə çalışması fonundan ABŞ-nin ardıcıl siyasətini davam etdirirdi. Nikol Paşinyan Rusiyadan uzaqlaşıb, ABŞ və Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışdığı üçün USAID Ermənistandakı proqramlara dəstəyi kəskin şəkildə artırmışdı. 2023-cü il antiterror tədbirlərindən sonra əməkdaşlığı daha da artıran tərəflər, Samanta Pauerin səfərləri fonunda USAID İrəvan ciddi maliyyə və siyasi dəstək verirdi.   

ABŞ-dəkı hakimiyyət dəyişikliyi isə həyata keçirilən islahatlar səbəbindən USAID-in fəaliyyətinin qiymətləndirilməsini zərurətə çevirdi. Belə ki, amerikalı milyarder İlon Mask özünün sosial media platforması X-da USAID-i “cinayət təşkilatı” adlandırarkən, Donald Tramp isə "Onu bir qrup radikal dəli idarə edib və biz onları oradan çıxarırıq",- dedi. ABŞ-nin yeni liderinin və ətrafının Agentliyə qarşı tənqidlər səsləndirməsi və onu səmərəsizlikdə iddiham etməsi USAID-in ABŞ-nin sabiq prezidenti Cozef Bayden dövründəki fəaliyyətində ciddi qanun pozuntularının müşahidə edildiyini deməyə əsaslar yaradır. 

Trampın yeni Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etməyə təyin etdiyi İlon Maskın USAID-lə əlaqəli şərhləri dünyada “yardım agentli”yinin gələcəyi ilə bağlı artan müzakirələrə səbəb olub. Çünki agentliyin bağlanması ilə bağlı addım bütün dünyada humanitar proqramlara böyük təsir göstərə bilər”.

 

Şərhçi sözlərində USAID-in fəaliyyətinin bağlanması yox, daha şəffaf şəkildə həyata keçirilməsi əsas məsələ olduğunu bildirib:

 

“USAID-in dövlətə birləşdirilməsi də mümkündür. Belə bir təcrübə isə mövcuddur. 2020-ci ildə Böyük Britaniyanın baş naziri Boris Conson Beynəlxalq İnkişaf Departamentini Xarici İşlər Nazirliyi ilə birləşdirdi. USAID-in ləğv edilməsi isə təkcə Donald Tampın sərəncamından asılı deyil, burada məhkəmələr və Konqres də böyük önəmə sahibdir. 

Eyni zamanda, USAID-in bağlanması Çinə Latın Amerikası, Afrika və digər həssas bölgələrdə öz gücünü genişləndirmək üçün daha çox imkan yaradacağını nəzərə alsaq, təşkilatın strategiyasında dəyişikliklərin olması ehtimalı daha çoxdur”.

 

Xanım Ağamalıyeva