“Hərbi-strateji əməkdaşlıq sahəsində Azərbaycan və Türkiyənin birliyi inkişaf etməkdədir”
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/4306490_6.jpg)
Tarix: 21:14 07.02.2025
Azərbaycan ilə Türkiyə arasında hərbi-strateji əməkdaşlıq son illərdə daha da möhkəmlənib və müxtəlif sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edilib.
Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə hərbi-strateji əməkdaşlığı etibarlı bir yol keçərək türkdilli dövlətlərdə nümunə göstərəcək şəkildə iki türk ölkəsinin bir-birinə münasibətlərin nümunəsi kimi xarakterizə oluna bilər:
“ Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin dediyi “Bir millət,iki dövlət” prinsipinə uyğun inkişaf edib və təbii ki, inkişaf istiqamətləri içərisində hərbi-strateji inkişaf münasibətləri xüsusi yer alır. Ona görə ki, Azərbaycanla Türkiyə hərbi-strateji əməkdaşlığının inkişafı iki ölkənin təhlükəsizliyində mühüm rol oynayır, biz bilirik ki, Azərbaycan Ordusunun formalaşmasında Türkiyənin böyük rolu oldu. ll Qarabağ müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi, əlbəttə, Vətən müharibəsində Azərbaycanı çoxsaylı xarici risklərdən sığortaladı və qorudu. Demək olar ki, bu gün Cənubi Qafqaz regionunun təhlükəsizliyi məhz bu iki ölkənin hərbi-strateji sahədə əməkdaşlığından asılıdır. Biz bilirik ki, bu regionda Azərbaycanın Vətən müharibəsindən sonra haqq işinə sahib olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edərək bu vəziyyətlə həm hələ də müharibə şəraitində olduğumuz Ermənistanda olan revanşist qüvvələrin aktivliyi, həm də bu regionda Azərbaycan-Ermənistan şəraitindən istifadə edən qərb və digər qüvvələrin burada maraqlarını təmin etmək cəhdlərini görməkdəyik. Bu cəhdlər ilk növbədə bu regionun təhlükəsizliyinə bilavasitə təsir edən addımlardandır və bu gün bunun qarşısını almaqda məhz Azərbaycan-Türkiyə hərbi-strateji əməkdaşlığının böyük rol oynadığını bir daha görə bilərik. Ona görə Azərbaycan-Türkiyə arasında Şuşa bəyənnaməsi artıq bizim bu sahədə münasibətlərimizi tam şəkildə legitimləşdirərək bütün hüquqi sənədlərdə öz əksini tapıb".
Müsahibimizin sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə hərbi-strateji əməkdaşlığı çərçivəsində Azərbaycanla Türkiyənin hər il 100-dən çox planlaşdırdığı tədbirlər olur:
“Məsələn ötən il bu sahədə 119 tədbir gerçəkləşib. Bu il o tədbirlərin proqramda daha çox yer tutduğu haqqında məlumat var. Hərbi-strateji əməkdaşlıq sahəsində Türkiyə və Azərbaycanın birliyi inkişaf etməkdədir. Azərbaycanla Türkiyənin birgə təlimləri demək olar ki, adi hal alıb. Əlbəttə, ll Qarabağ müharibəsindən sonra reallıqla barışmaq istəməyən, bu münaqişə ocağını yenidən alovlandırmaq istəyən qüvvələr aktiv hərəkətə keçib və hətta Ermənistanın bu regionun təhlükəsizliyinə xəyanət edərək apardığı siyasət nəticəsində Azərbaycan Ermənistan şərti sərhəddə qərb ölkələrinin müşahidə missiyasının yerləşdirilməsi və Azərbaycanın buna etiraz baxmayaraq yenə də 2027-ci ilə kimi uzadılması faktını göstərmək olar. Prinsip cəhətdən, mən deyərdim ki, bu Avropa missiyası yox, NATO missiyası sayıla bilər. Ona görə ki, o missiyanın tərkibində Kanadanın da nümayəndələri olduğu haqqda rəsmi məlumatlar var. Demək olar ki, prinsip cəhətdən o missiya həmin marağı olan qüvvələrin hərbi bazası kimi də dəyərləndirmək olar. Son zamanlar Azərbaycan-Ermənistan şərti sərhəddə bu missiyanın binokl diplomatiyasının aktivləşməsi çoxlu sualları ortaya çıxarır və Türkiyə Azərbaycanla hərbi-strateji əlaqələrinin inkişafı və bugünkü durumu həmin qüvvələrin bu faktları nəzərə alaraq daha ehtiyyatlı davranmağa məcbur edir. Ümumiyyətlə, deyərdim ki, ll Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev qardaş ölkə Türkiyənin hərbi-strateji əməkdaşlığına çox böyük qiymət verərək söyləyib ki, dost məhz çətin gündə sınanar və Türkiyənin Azərbaycanın yanında olması bir daha göstərdi ki, Azərbaycanın dostu və düşməni kimdir. Türkiyə ilə hərbi-strateji əməkdaşlığımız, artıq deyərdim ki, dostluq yox qardaşlıq səviyyəsində inkişaf edib. Bu gün Türkiyədə keçirilən hər hansı hərbi təlimlər fonunda Azərbaycanın iştirakı olmadan təsəvvür oluna bilməz. O cümlədən də, Azərbaycanın təşkil etdiyi təlimlərdə Türkiyə nümayəndələrinin iştirakı olmadan təsəvvür etmək olmaz. Bunlar həm ayrı-ayrı qoşun növlərinin iştirakı ilə, həm də bütün qoşun növlərinin cəm şəklində iştirakı ilə bu proses inkişaf edir. Post-konflikt dövründə bölgədə təhlükəsizlik təminində Türkiyənin rolu əlbəttə, çox yüksəkdir. Biz, bilirik ki, Türkiyə “3+3” formatında üzvdür”.
Ekspert qeyd etdi ki, regionda təhlükəsizliyi pozmaq istəyən qüvvələrə qarşı Türkiyə faktoru öz təsirini göstərir və demək olar ki, Türkiyənin bu regionda sülhün qorunmasında, təhlükəsizliyin təmin edilməsində marağı var:
“Yeri gəlmişkən qeyd edim ki, Türkiyə bütün istiqamətlərdə konfliktlərdə məhz sülhün bərqərar olması və təhlükəsizliyin təmin olunması istiqamətində böyük rol oynayır. Türkiyənin vasitəsilə türkdilli dövlətlərin məhz Türkiyənin ətrafında bütün sahələrdə inkişaf imkanlarının genişləndirilməsi, o cümlədən təhlükəsizlik baxımından, o cümlədən hərbi əməkdaşlıq istiqamətində inkişafını görə bilərik. Əlbəttə, türkdilli dövlətlərin bu inkişafında Azərbaycan-Türkiyə əlaqələri öz töhfəsini verir. Böyük dövlət olan qardaş Türkiyə NATO-nun ən güclü üzvlərindən biri olaraq həm bu regionda, həm də türkdilli dövlətlərin təhlükəsizliyində çox böyük rolu olub, var və bundan sonra da olacaq”.
Nərmin Həşimova