Elon Musk biznes imperiyasını nəzarətdə saxlayan əsas vasitəyə qarşı mübarizə aparır

Bölmə: Dünya › ,
Tarix: 18:41 11.02.2025

Elon Musk 2022-ci ildə Twitter-i alaraq onu istifadəçilərin bir-birinə pul göndərə və nəticədə “bütün maliyyə dünyalarını” idarə edə biləcəyi “hər şey üçün tətbiq”ə çevirməyi ümid edib.

 

Bu il Prezident Donald Trampın andiçmə mərasimində iştirak etdikdən bir neçə gün sonra indi "X" kimi tanınan "Twitter" maliyyə ekosistemi qurmaq istiqamətində ilk böyük addımını atdı. X-in baş direktoru Linda Yaccarino bu ilin sonlarında istifadəyə veriləcək Visa ilə əməkdaşlıq çərçivəsində rəqəmsal cüzdan və peer-to-peer ödənişlər platformasının işə salınmasını elan edib.

 

İndi Musk ödəniş biznesinə nəzarət edən əsas federal maliyyə tənzimləyicisi olan İstehlakçı Maliyyə Müdafiəsi Bürosunun (CFPB) ləğvi üzrə səylərin önündə dayanıb.

 

"RIP CFPB," Musk keçən həftə X-də qəbir daşını təsvir edən emoji ilə paylaşım edib.

 

Bundan bir neçə saat sonra Muskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti (DOGE) CFPB-nin X hesabını silib və istehlakçı mühafizə təşkilatının sistemlərinə giriş əldə edib. O vaxtdan bəri, CFPB-nin müvəqqəti direktoru işçilərə maliyyə sui-istifadəsinə qarşı mübarizə də daxil olmaqla, bütün işlərdən "əl çəkmək" tapşırığı verib.

 

Bütün bunlar istehlakçı hüquqlarını müdafiə edən təşkilatları və etika ekspertlərini narahat edir. Onlar bildirirlər ki, dünyanın ən zəngin insanının CFPB-nin fəaliyyətini dayandırmaqla eyni zamanda maliyyə tənzimlənməsinin zəifləməsindən faydalanacaq bizneslərə sahib olması arasında böyük maraq toqquşması var.

 

CNN

Nuray Qurbanlı