Süni şəkildə yetişdirilən meyvə-tərəvəzlər
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/8225436_5.jpg)
Tarix: 22:27 11.02.2025
"Hazırda satışda mövsümündə olmayan meyvə-tərəvəzləri görürük və təbii ki, ilk olaraq insan həmin mövsümü gözləməyə səbirsizlənir, bu qidalardan istifadə edir və düşünür ki, bunlar həmin dadda, həmin keyfiyyətdə olacaq”.
Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, bu meyvə-tərəvəzlərin arasında alça, çiyələk, pomidor, xiyar, bəzən badımcan və bu kimi meyvə-tərəvəzləri görə bilərik:
“Bu meyvə-tərəvəzlər bildiyimiz kimi, mövsümündə olmayanda parniklərdə, istixanalarda yetişdirilir və bunların yetişməsi üçün süni və kimyəvi müdaxilələr olur. Bu müdaxilələrdə onları istixanalarda yetişdirmək üçün qədərindən artıq kimyəvi dərmanlarla yetişdirir, eyni zamanda hormonlardan da istifadə edirlər. Bir çox hallarda, həmin qidaları qəbul edən insanlarda hormon balansının pozulması, təhlükəli xəstəliklərin yaranması( xüsusilə onkoloji xəstəliklər), eyni zamanda həzm prosesinin pozulması ilə müşahidə olunur. Çünki mütləq şəkildə bilmək lazımdır ki, həmin qidaların tərkibində hormonlardan və kimyəvi maddələrdən istifadə onların tərkibindən heç vaxt təmizlənmir və qəbul etdikdə insan orqanizminə keçir”.
Müsahibimizin sözlərinə görə, bəzən o qidaları yetişməmiş şəkildə yığırlar ki, uzaq məsafəyə daşınarkən öz-özünə yetişsin və yaxud xarab olmasın, bu da onun tərkibinin tam formada yetişməməsindən qaynaqlanır:
“Bu qidalarla qidalanan insanlarda xüsusilə ürək-damar sistemi, qan dövranı pozulur, bu da qəfil ürək tutmalarına, qəfil ölümə və beyində qan sızmalarına qədər gətirib çıxarır. Bunun ən çox görünən hallarından biri də passiv zəhərlənmədir və insanlar bu kimi qidaları qəbul etdikcə bəzən anında reaksiya verməyə bilər və zamanla insan orqanizminin zəhərlənməsinə səbəb olur. Ona görə, ümumiyyətlə qanda bu qidalarla qəbul olunan kimyəvi maddələr yığını, toksik maddələr demək olar ki, orqanizmdən xaric olunmur, müəyyən zamandan sonra artıq öz fəsadlarını verməyə başlayır.
Yaxşı olar ki, yaşadığımız ölkədə hər fəsilə uyğun meyvə-tərəvəzlər var ki, onlardan istifadə edək. Fəsilə uyğun meyvə-tərəvəzlərdən istifadə etsək, bunların tərkibindəki vitamin və minerallardan orqanizmimiz faydalanacaq. Eyni zamanda da həmin qidalar daha səmərəli şəkildə orqanizmə faydalılığını göstərəcək. Əks halda bir çox bu kimi meyvə-tərəvəzləri qəbul etmək insan orqanizmi üçün birbaşa təhlükədir. Xüsusilə də hamilə qadınlar bu qidalarla qidalanarsa, həm öz orqanizmlərini, həm də dünyaya gələcək körpənin də sağlamlığını təhlükə altına alır”.
Nərmin Həşimova