Ölümcül xəstəliyin əlaməti

Tarix: 22:14 12.02.2025
Zonguldak Bülənt Ecevit Xəstəxanasının Ginekologiya və Doğum Anabilim Dalı başçısı Prof. Dr. Müge Harma, yumurtalıq xərçənginin qadınlarda ölümcül və səssiz irəliləyən bir xərçəng növü olduğunu vurğulayıb.
Harma çıxışında bunları bildirib:
"Yumurtalıq xərçəngi hiyləgər bir xərçəng olduğu üçün ‘səssiz qatil’ adlandırılır. Bunun səbəbi isə ondan ibarətdir ki, simptomları digər xəstəliklərdən ayırd etmək çətindir. Qarında şişkinlik, həzmsizlik, mədə yanması, reflü, bağırsaq vərdişlərində nizamsızlıq, sidiyə çıxmada dəyişikliklər kimi qeyri-müəyyən şikayətlərlə özünü göstərir. Buna görə də xəstələr müxtəlif poliklinikalarda vaxt keçirirlər. Əgər bu şikayətlər iki həftə boyunca davam edərsə, həmin xəstələrin ginekologiya və doğum bölməsinə yönləndirilməsi daha düzgün olar”.
Yumurtalıq xərçənginin əsas müalicəsinin cərrahiyyə olduğunu bildirən Harma, şiş toxumalarının tam çıxarılmasının vacibliyini qeyd edib. O, yumurtalıq xərçəngində hüceyrə çoxalmasının fərqli bir yol izlədiyini və qarın içi orqanlara səssiz şəkildə yayıldığını söyləyib.
Yumurtalıq xərçənginin əsasən 60 yaş və üzərində daha çox görüldüyünü bildirən Harma, "Süd vəzi xərçəngi hər 8 qadından birində rast gəlinirsə, yumurtalıq xərçəngi hər 80 qadından birində ortaya çıxır. Süd vəzi xərçəngi olan şəxslərdə ailəvi keçmiş varsa, mütləq yumurtalıq və uşaqlıq xərçəngi baxımından müayinə olunmalıdır. Əgər müayinə hər il müntəzəm şəkildə aparılarsa, erkən diaqnoz qoyula bilər” – deyə bildirib.
A Haber
Mehriban Nəsibova