Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bölmə: Siyasət › ,
Tarix: 22:41 17.03.2025

 

 

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Mövzuyla bağlı politoloq Oqtay Qasımov “informator.az”a açıqlamasında bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın mövqelərinin atəşə tutulması vəziyyətə mənfi təsir göstərir:

 

"Bir neçə gün əvvəl tərəflər sülh müqaviləsi ilə bağlı işlərin yekunlaşdığını bəyan etdilər. Lakin atəşkəs rejiminin pozulması, sülh müqaviləsi tam şəkildə imzalanana qədər ara-sıra olacaq. Bu təxribatların bir neçə səbəbi var. Ermənistan cəmiyyətində revanşist əhval - ruhiyyə kifayət qədər yüksəkdir. Bu təxribatları törətməklə Ermənistan tərəfindən o mesaj verilir ki, onlar hələdə müəyyən qədər revanşa cəhd edə bilərlər.

Ermənistan hakimiyyəti də, cəmiyyət tərəfindən tənqid olunur ki, güya Azərbaycanlılara güzəşt edilməklə bağlı fikirlər söylənir. Bu, iddiaları cəmiyyətin gözündə elə olmadığını sübut etmək kimi bir niyyət də ola bilər”.

 

 

Ekspertin sözlərinə görə bölgədə marağı olan və sülhün imzalanmasını istəməyən qüvvələrdə var:

 

"Onlarda bu prosesdə mənfi təsirlər göstərirlər. Bir neçə gün əvvəl Avropa İttifaqının məlum anti-Azərbaycan qətnaməsidə bunun sübutudur. Ermənistan cəmiyyətinin bu cür təxribatlara getməklə, Azərbaycanın cavab tədbirlərinə sövq etmək niyyətləri ola bilər ki, hazırda beynəlxalq nəzarətin bölgəyə azalan diqqətini daha da artırsınlar. Təbii ki, bu cür hallar sülh prosesinə mənfi təsir göstərir”.

 

Asiman Vəliyeva