ABŞ, Rusiyanı seçir-G7-də yeni güc balansı formalaşır

Bölmə: Siyasət › ,
Tarix: 23:44 17.03.2025

ABŞ, G7-yə sədrlik edən Kanadanın Rusiyanın "kölgə donanması" tankerlərinə qarşı mübarizə qrupu yaratmaq təklifini rədd edib.

Bundan əlavə, Vaşinqton G7 xarici işlər nazirlərinin görüşünün yekun bəyanatında Çinə qarşı daha sərt ifadələrin daxil edilməsində israr edir, lakin bəyanatda Rusiyaya qarşı ritorikanı yumşaltmağa çalışır.

Politoloq Tofiq Abbasov "İnformator.az"a müsahibəsində bu məsələyə aydınlıq gətirib:

"Donald Trampın planı ondan ibarətdir ki, Rusiya ilə münasibətləri əsaslı şəkildə bərpa etsin və dünya problemlərini birgə həll etsinlər.

Bu, təsadüfi deyil. Dünyada üç güc mərkəzi var: Vaşinqton, Pekin və Moskva. Bu iki güc mərkəzinin yaxınlaşması o deməkdir ki, onlar üçüncü gücə qarşı birgə mübarizə aparacaqlar.

Hazırda Çinin güclənməsi ABŞ üçün təhdid yaradır. Tramp isə bu iki ölkə arasında Rusiyanı seçir. ABŞ burada öz oyununu oynayır. O düşünür ki, əgər aralarında razılıq əldə olunarsa, bütün proseslərin həlli mümkün olacaq.

Ukraynaya gəldikdə isə bu ölkə hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Tramp, Ukraynaya xərclənən vəsaitin müqabilində nəsə əldə etmək niyyətindədir.

ABŞ, Rusiyanı seçməklə həm Çinə, həm də Avropa İttifaqına qarşı hərəkət etməyə çalışacaq. Ukraynanı isə xammal mənbəyi kimi görür və bu ölkənin mineral resursları ilə bağlı müqavilələr imzalamasını istəyir.

Müharibənin sonunda isə ABŞ, Rusiyanın ərazi əldə etməsinə imkan yaradacaq, özü isə sırf kommersiya maraqları baxımından fayda götürəcək".

 

Fidan Fərhad