“Şəxs dolğun şəkildə, hadisənin mahiyyətinə uyğun ifadə verməlidir”

Tarix: 20:18 11.04.2025
“Şahid ifadələri ilkin istintaq dövründə və məhkəmə istintaqında həyata keçirilir və prosessual bir yanaşmadır. Müstəntiq, prokuror və digər prosessual şəxslər cinayət işləri ilə bağlı araşdırma həyata keçirərkən dindirdikləri şahidə və yaxud müqəssirə istintaqı aparılan cinayət işləri ilə bağlı, onların mahiyyətinə uyğun suallar verə bilərlər”.
Bu sözləri hüquq müdafiəçisi Şəmsəddin Əliyev “İnformator.az”a açıqlamasında deyib.
Müsahibimiz qeyd edib ki, şahidlərin ifadələrində ziddiyyət ola bilər:
“Bu, qəsdən də ola bilər, şahidin verdiyi ifadədə istintaqa, məhkməyə bilə-bilə yalan ifadə verilməsi faktı olmamalıdır. Şəxs dolğun şəkildə, hadisənin mahiyyətinə uyğun ifadə verməlidir, əgər nəyisə unudarsa, müstəntiq və yaxud hakim ona müəyyən suallar verə bilər. İfadədə ziddiyyətlər varsa, müstəntiq yaxud hakim suallar verməklə həmin ziddiyyətləri aydınlaşdırmalı, boşluqları doldurmalıdır. Əgər bir yaxud bir neçə şəxsin ifadəsi ilə məsuliyyətə cəlb olunan şəxsin ifadələri arasında ziddiyyət yaransa, üzləşmə olur. İfadə tam alındıqdan sonra müstəntiq prosessual qənaətinə istinad edib artıq ifadənin uzadılmasına hər hansı bir lüzum olmadığını hesab edirsə, qarşı tərəfə əlavəsinin olub-olmadığı sualını verir, əgər sonda müstəntiq ifadəni yazıbsa ifadədə belə deyilir:
“ İfadə mənim sözlərimlə yazılıb, oxudum və doğruluğunu imzam ilə təsdiq edirəm”.
Şahid və ya şahidlər isə bu ifadəni təsdiqləyir”.
Müsahibimiz sözlərinə görə, istintaq gedişində iştirak edən dövlət ittihamçısı ola bilər ki, əlavə suallar verə bilər, bu, mümkün haldır:
“Amma bəzən məhkəmə istintaqında şahidlərin müəyyən qismi ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmirlər. Bu halda bəzən praktikada şahidlərin yalan ifadə verməsinə görə onların ittiham olunması mümkün olur, amma bəzən də şahidə xəbərdarlıq edilir, hakim bu məsələni dəyərləndirə bilər.
Şahidlərin ifadələri istintaqın əvvəlində və sonunda müzakirə olunur, təbii ki, məhkəmə də şahidlərin ifadələrinin əgər işin fatiki halları üçün əhəmiyyət kəsb edirsə, hakim bunu nəzərə alır”.
Nərmin Həşimova