Azərbaycan–İran münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub-Hikmət Hacıyev

Tarix: 20:22 21.05.2025
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və İran arasındakı münasibətlər yeni inkişaf mərhələsinə keçib. O, İran Prezidenti Pezeşkianın Azərbaycana səfərindən sonra aparılan yüksək səviyyəli danışıqların bu münasibətlərə yeni təkan verdiyini qeyd edib.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, İran Azərbaycan münasibətləri son üç ildə çox qırılma yaşadı, qırılma vəziyyətinə gəldi, hətta İran tərəfi Azərbaycana qarşı gəlməyə çalışırdı:
"Təbii ki, bəzi faktorlar İranı bu istəkdən, bu arzudan kənarda qoydu. Hər zaman Azərbaycan dövlətinin istəyi və maraqı olub ki, İranla xoş münasibətlər olsun, ən azı mehriban qonşuluq münasibətləri, dostluq münasibətləri olsun. Çünki 40000000 azərbaycanlı orada yaşayır və bu o deməkdir ki, onların taleyi də bizim üçün maraqlıdır, önəmlidir. Amma təəssüf ki, İranda bəzi dairələr var ki, onlar bu məsələdə fərqli yanaşırlar və məqsədyönlü şəkildə Azərbaycan ilə münasibətlərin korlanmasına cəhd edirdilər. Artıq İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra hadisələr fərqli istiqamətə yönəldi və demək olar ki, arada olan buzların ərimə prosesi sürətləndirdi. İndi gözləntimiz odur ki, bir az fərqli olsun və İran Azərbaycan münasibətləri daha keyfiyyətcə yeni müstəviyə keçsin. Bunu gözləyirik. Ona görə də ağır addım var idi. İqtisadi sahədə əlaqələrin yenidən gücləndirilməsi, siyasi sahədə və mədəni sahədə var idi və biz hətta səfirliyimizə edilən hücumdan sonra belə, yenə də o münasibətləri tam korlamamışdıq və demək olar ki, Təbrizdə bizim baş konsulluq yenə də qalmaqda idi. Belə olan halda düşünürəm ki, səfirlik də artıq fəaliyyət göstərir və bizim potensial imkanlarımız var. İstər enerji sahəsində, istər iqtisadi sahədə, istər turizm sahəsində mədəni sahədə və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı potensial imkanlarımız mövcuddur və buna da şərait yaradıla bilər. İran ilə zatən ticarət əlaqələrimiz 7 milyon dollar üzərindədirsə, bunun gəlişini daha da inkişaf etdirmək olar. İki qonşu dövlət Azərbaycan hər zaman bildirib ki, bizim ərazimizdən hər hansı bir qonşumuza qarşı istifadə edilmir. Yəni planlarımız kimi olmayacaq. Bunu cənab prezident çıxışlarında dəfələrlə bildirib. Yəni İrana qarşı son günlər təhdidlər və təzyiqlər olsa da, bunu Azərbaycan ərazisində olmayacağı qəti olaraq bilinməkdədir. Hər nə qədər İrandakı bəzi dairələr bunun Azərbaycan ərazisinə təhdid ola biləcəyini söyləsə də, müəyyən zaman ərzində İrandan Azərbaycana qarşı İsrail ilə Azərbaycan münasibətlərinə görə bir qısqanclıq və xoş olmayan fikirlər, iddialar səslənsə də, amma Azərbaycan yenə mövqeyində qalmaqdadır və necə ki, İranla dostluq, mehriban qonşuluq münasibəti göstərirsə, İsraillə də tərəfdaşlıq dostluq münasibətlərini davam etdirir. Bu baxımdan düşünürəm ki, qarşıda bizi İranla yaxşı münasibətlərin qurulması üçün kifayət qədər imkanlar gözləyir və ondan əgər istifadə edirlərsə, bu təhrik nəticəsi yaxşı ola bilər".
Ayşən Səlimova