Fəaliyyətin özündən zövq alan insanların psixoloji profili-Autotelik şəxsiyyət və daxili motivasiya

Bölmə: Sosial › ,
Tarix: 23:16 21.05.2025

Bəzi insanlar fəaliyyətlərini nəticəyə görə deyil, fəaliyyətin özündən aldıqları zövq üçün davam etdirirlər. Bu cür fərdlər “autotelik şəxsiyyət” adlandırılır və onların psixoloji xüsusiyyətləri digər insanlardan fərqlənə bilər. Autotelik şəxsiyyətlər daxili motivasiyanın güclü olduğu nadir bir psixoloji qrupu təmsil edir və onların davranışlarını anlamaq maraqlı araşdırma sahəsidir.

 

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Aynur İsmayılova bildirib ki, autotelik şəxsiyyətlər fəaliyyətin özündən zövq alan, daxili motivasiya ilə hərəkət edən insanlardır:

 

“Bu tip insanlar qərar qəbul etməkdə çevikdirlər və riskdən çəkinməzlər. Onlar daxili motivasiya və həvəs baxımından digər şəxsiyyət tiplərindən fərqlənirlər. Autotelik şəxsiyyətlər nadir rast gəlinən fərdiləşmiş psixoloji profillərdir və heç bir neqativ fikir və ya hadisə onları yolundan, hədəfindən və məqsədindən yayındıra bilmir. Bu xüsusiyyətlər çox zaman insanın böyüdüyü mühitlə bağlı formalaşır.

 

Daxili motivasiyası yüksək olan autotelik şəxsiyyətlər bəzən kimlərəsə söz verə bilirlər, lakin diqqətsizlik səbəbindən bu sözlərin arxasında durmaya da bilərlər. Onlar başladığı işi axıra qədər çatdırmağa meyllidirlər. Həvəsləri yüksək olduğuna görə fəaliyyət göstərdikləri sahələrdə motivasiya yaradır və ətrafdakı insanlara da müsbət təsir göstərirlər. Eyni zamanda, tez-tez “axın vəziyyəti” (flow state) yaşadıqları üçün bəzi hallarda diqqət yayınıqlığı da müşahidə oluna bilər.

 

Sürətlə hərəkət etdiklərinə görə bəzən diqqət yayınmaları özünü göstərir. Bu şəxsiyyətlərin formalaşmasında ailənin təsiri böyükdür. Əgər ailədə hər hansı bir valideyn autotelik xüsusiyyətlərə malikdirsə, bu hal uşaqlarda da daha erkən yaşlardan etibarən inkişaf edə bilər".

 

Nigar Həsənzadə