Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu edilib-ŞƏRH

Tarix: 20:30 21.05.2025
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkə üzərində Ukraynanın 127 ədəd PUA-sını məhv edib, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ukrayna öz ərazisindəki savaşda torpaq itkisi ilə üzləşdiyinin fərqindədir:
“Ukrayna öz ərazisindəki savaşda torpaq itkisi ilə üzləşdiyinin fərqindədir. Bunun qarşısını almaq isə, son vaxtlar daha da çətinləşib. Avropa da artıq əvvəlki dəstəyi göstərmir. Bir sözlə müharibə sona yaxınlaşır. Ukrayna Rusiyanı sadəcə onun mərkəzi şəhərlərinə PUA hücumları etməklə narahat etmək istəyir. Hesab edirəm ki, ciddi təhlükə hələ ki yarada bilməyib. Çünki, şimal qonşumuzun hava məkanı kifayət qədər uğurla müdafiə olunur. Müharibə artıq 3 ildən artıqdır ki, davam edir. Bu müddət ərzində kifayət qədər Rusiya ərazilərinə PUA hücumları təşkil olunub. Amma hələ ki, ciddi dağıntıların, insan itkilərinin şahidi olmamışıq. Bu isə o deməkdir ki, Rusiya hava məkanının qorunmasına çox ciddi diqqət ayırır. Xüsusilə, paytaxt Moskvanın hava məkanı ciddi qoruma altındadır. Amma istənilən halda belə hücumlar təbii ki, təhlükəlidir. Kiyev düşünür ki, həm də bu yolla bəlkə Rusiyanı sülh masasına oturda bildi. Lakin bu mümkünsüz görünür. Son İstanbul görüşlərində Vladimir Putinin sərgilədiyi mövqe onun müharibəni tam hədəflərinə çatdırana qədər israrlı göründüyünü göstərdi”.
Siyasi ekspert Ukraynın kütləvi şəkildə Rusiya ərazilərinə etdiyi PUA hücumlarının necə nəticə verə biləcəyi barədə təxminlərini də bölüşüb:
“Kiyev belə hücumların sayını artırarsa, özü üçün də müəyyən təhlükələrə yol aça bilər, Kremlə də bəhanələr verər. Kimsə qarantiya verə bilməz ki, Buça kimi bir terroru törədən tərəf bunu bir daha təkrarlamaz, yaxud Ukrayna PUA-larla cavab verməz. Həm də nəzərə alsaq ki, Ukraynanın havadan müdafiə sistemi Rusiyaya nisbətdə kövrəkdir. Şimal qonşumuz Ukraynanın mərkəzini belə hədəf götürə bilər. Onun üçün də hesab edirəm ki, Zelenskinin arxasında duranlar bu hücumların intevsivləşməsində maraqlı deyillər və bunun qarşısını böyük ehtimalla alacaqlar. Amma onu da unutmayaq ki, hər bir müharibədə bu cür hallar olur. Ukrayna tərəfi sadəcə ehtiyatlı olmalıdır. Çünki, belə bir PUA hücumlarının fonunda Rusiyanın hansısa bir ərazisində kütləvi insan qırğınının olması və bunun Ukraynanın üzərində qalması ehtimalı hər an ola bilər. Bundan sonra da Rusiya tərəfi mülki insanları Ukrayna tərəfinin hədəf göstərdiyi bəhanəsi ilə əks tərəfdə kütləvi qırğınlar törədə bilər. Onun üçün deyirəm ki, Kiyev son dərəcə ehtiyatlı olmalıdır. Amma istənilən halda bu cür hücumlar cəbhə xəttində Rusiyanın əleyhinə nələrisə dəyişə bilməz”.
Qəmər Kazımzadə