AB-dən qərar: Suriyaya sanksiyalar ləğv edildi

Tarix: 20:29 21.05.2025
Avropa Birliyi (AB) ölkələri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib. Bu barədə AB-nin diplomatiyasının rəhbəri Kaya Kallas AB Şurasının iclasında bildirib.
“Bu gün biz Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək barədə qərar qəbul etdik. İstəyirik ki, yeni, əhatəli və dinc Suriyanın bərpa edilməsində suriyalılara yardım göstərək”, – deyə Kallas bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, bildiyimiz kimi, Suriyada hazırkı siyasi rejimin formalaşmasında Qərbin birbaşa təsiri olub:
"Hazırda regionda tamamilə yeni bir geosiyasi vəziyyət yaranıb. 2011-ci ildə başlayan Ərəb Baharı nəticəsində bir sıra Yaxın Şərq ölkələrində dövlət çevrilişləri və rejim dəyişiklikləri baş verdi. Lakin Bəşər Əsəd rejimini devirmək mümkün olmadı. Artıq on iki ildən çoxdur ki, Suriyada daxili qarşıdurmalar davam edir. Suriyanın ərazisində ABŞ, İran, Türkiyə və Rusiyanın hərbi mövcudluğu müşahidə olunurdu. Bu vəziyyət ölkə daxilində böyük güclər arasında geosiyasi mübarizəyə səbəb olurdu. Əsədin hakimiyyətdən uzaqlaşdırılması və yeni siyasi rejimin formalaşdırılması cəhdləri bölgədəki vəziyyəti köklü şəkildə dəyişdirməyə səbəb oldu. ABŞ və onun tərəfdaşları bu prosesdə üstün mövqe qazanaraq yeni geosiyasi reallıqların formalaşmasına təsir etdilər.
ABŞ Prezidenti ilə Suriyada keçid hökumətinin rəhbəri Əhməd Əş-Şara arasında Səudiyyə Ərəbistanında keçirilən görüş bu baxımdan diqqətçəkən hadisə idi. Prezident Donald Tramp həmin görüşdə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv ediləcəyini bəyan etdi. Bu, son 25 ildə ABŞ ilə Suriya arasında ilk rəsmi təmas idi. Qeyd etmək lazımdır ki, 1979-cu ildən etibarən ABŞ Suriyanı terrora dəstək verən ölkələr siyahısına daxil edib və bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edib.
Avropa Birliyinin də Suriyaya qarşı sanksiyaları ləğv etməsi onu göstərir ki, bölgədəki proseslər ABŞ-nin nəzarəti altındadır. ABŞ Prezidentinin bu mövqeyindən sonra Avropa Birliyinin oxşar qərar qəbul etməsi bu təsiri daha da gücləndirir.
Bu mənzərə bir daha təsdiqləyir ki, regionda gedən proseslərə ABŞ-nin təsir imkanları hələ də kifayət qədər güclüdür. Suriya uzun illərdir ki, vətəndaş müharibəsindən və müxtəlif xarici güclərin hərbi-siyasi qarşıdurmalarından əziyyət çəkir. Ölkə iqtisadiyyatı demək olar ki, iflic vəziyyətinə düşüb. Lakin hazırda sabitliyin təmin olunması üçün müəyyən imkanlar yaranıb. İqtisadi sistemin əsasları yenidən qurula bilər və bu, Suriyanın gələcəyi üçün müsbət nəticələr vəd edir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hazırkı rejim mahiyyət etibarilə əvvəlki rejimdən ciddi şəkildə fərqlənmir. Əvvəllər necə ki, hakimiyyət xarici güclərin təsiri altında fəaliyyət göstərirdisə, yeni quruluş da Qərbin nəzarəti altındadır. Sadəcə olaraq, bölgədə bir qüvvə balansı dəyişikliyi baş verib. Bununla belə, münaqişələrin səngiməsi və sanksiyaların aradan qaldırılması Suriya əhalisinin həyatında mütləq müsbət dəyişikliklər yaradacaq".
Politoloq əlavə edib ki, regionun ümumi vəziyyətinə gəldikdə isə orada tamamilə yeni bir geosiyasi konfiqurasiya və təhlükəsizlik mühiti formalaşıb:
"Bu, o demək deyil ki, Suriyada mövcud rejimə qarşı etirazlar tamamilə dayanacaq. Ölkə ərazisində hələ də müxtəlif silahlı qruplaşmalar fəaliyyət göstərir və yaxın illərdə lokal toqquşmaların davam edəcəyi gözlənilir.
Suriyanın gələcək taleyi isə hazırkı rejimin beynəlxalq aləmdə nə dərəcədə dəstək görəcəyindən asılı olacaq. Qərb müəyyən hallarda bu lokal qarşıdurmaları idarəetməni asanlaşdırmaq üçün alət kimi istifadə edə bilər. Münaqişə bəzən nəzarəti saxlamaq üçün bir üsula çevrilir. Eyni zamanda, sabitliyin təmin olunması üçün siyasi iradə də ortaya qoyula bilər. Hansı ssenarinin reallaşacağını zaman göstərəcək. Bu baxımdan, keçid hökumətinin rəhbəri Əhməd Əş-Şaranın fəaliyyəti də mühüm rol oynayacaq.
Hazırda belə qənaətə gəlmək olar ki, Əhməd Əş-Şara müstəqil siyasi fiqur deyil. Onun nə siyasi təcrübəsi, nə də hakimiyyətə gəlmək üçün real sosial dayaqları var idi. Bu səbəbdən, onun daha çox xarici güclərin təlimatları ilə fəaliyyət göstərəcəyi ehtimal olunur. Mahiyyət etibarilə əvvəlki rejim də eyni şəkildə idarə olunurdu".
Aytən Ağazadə