Qəzzada humanitar vəziyyət daha da pisləşir

Bölmə: Dünya › ,
Tarix: 20:53 21.05.2025

Qəzza zolağında humanitar böhran dərinləşməkdə davam edir. Qəzzanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrail qüvvələri məqsədli şəkildə elektrik generatorlarını hədəfə alaraq xəstəxanaları fəaliyyətsiz hala salmağa çalışır.

 

Bu gün səhər saatlarından etibarən İsrailin Qəzzaya qarşı hava hücumları nəticəsində azı 42 nəfərin həyatını itirdiyi bildirilir. Hücumlara dair beynəlxalq narahatlıqlara baxmayaraq, İsrail əməliyyatlarını davam etdirir. BMT-nin yaydığı məlumatda bildirilir ki, İsrailin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Qəzzaya daxil olan azsaylı humanitar yardım maşınlarına baxmayaraq, yardım bölgədə paylanmır. Qəzzanın Səhiyyə Nazirliyinə əsasən, İsrailin müharibəyə başladığı gündən bəri azı 53,573 fələstinli həlak olub, 121,688 nəfər isə yaralanıb. Qəzzadakı Hökumət Media Ofisi isə itkin düşənlərin də nəzərə alınması ilə ölənlərin sayının 61,700-dən çox olduğunu açıqlayıb.
Xatırladaq ki, 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 1,139 nəfər həlak olub və 200-dən çox insan girov götürülüb.

 

Al Jazeera

Əhmədli Selcan