Alimlərdən buzlaqlar haqqında qorxunc proqnoz: “Dəniz səviyyəsi 65 metr yüksələ bilər”

Bölmə: Dünya › ,
Tarix: 15:07 22.05.2025

İqlim dəyişikliyi bəşəriyyətin mövcudluğunu təhdid edən ən real təhlükəyə çevrilirmi? Yeni bir araşdırmaya görə, dünya 1,5 dərəcəlik qlobal istiləşmə hədəfinə çatsa belə, Qrenlandiya və Antarktidadakı buz təbəqələrinin “geri dönüşü olmayan” şəkildə əriməsi qaçınılmaz ola bilər. Bu vəziyyətin ağır bədəlini isə sahilyanı şəhərlər ödəyəcək.

 

Alimlər peyklər, buz nüvələri və okean dibindən toplanan məlumatlarla buz təbəqələrinin nə zaman çökəcəyini araşdırıblar. Nəticələr isə gözləniləndən qat-qat daha fəlakətli ssenarini göstərir. Görəsən, bir çox ölkənin taleyi batmış Atlantida şəhərinəmi çevriləcək?

 

Araşdırma göstərir ki, 1,5 dərəcəlik hədəf “təhlükəsiz hədd” deyil və hazırkı temperatur səviyyəsi – yəni 1,2 dərəcə belə – buzlaqların sürətlə geri çəkilməsini tətikləyə bilər.

 

Qrenlandiya və Antarktidadakı buz təbəqələri əridikdə, dəniz səviyyəsini ümumilikdə 65 metr yüksəldə biləcək qədər şirin su ortaya çıxacaq. Bu isə bütün sahil bölgələri üçün varlıq təhlükəsi deməkdir.

 

Hər il 370 milyard ton buzul əriyir. Son 30 ildə dəniz səviyyəsindəki artım isə ikiqat sürətlənib.

 

Mütəxəssislər qeyd edirlər ki, 2100-cü ilə qədər dəniz səviyyəsi ildə 1 santimetrə qədər arta bilər. Bu isə yüzillik ərzində 1 metrdən çox artım deməkdir. Belə bir ssenari dünya üzrə yüz milyonlarla insanın məcburi köçkünə çevrilməsi və şəhərlərin su altında qalması ilə nəticələnə bilər.


Mənbə: CNN TÜRK
Solmaz Muradova