İsrail atəşi nəticəsində Qəzzada 27 nəfərin öldüyü bildirilib

Bölmə: Dünya › ,
Tarix: 16:46 03.06.2025

 

 

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzanın cənubundakı Rəfah şəhərində yardım paylanmasını gözləyən insanların üzərinə açılan İsrail atəşi nəticəsində ən azı 27 nəfər həlak olub, 90 nəfər isə yaralanıb.

 

İsrail ordusu isə yardım kompleksinin yaxınlığında “bir neçə şübhəli şəxs” aşkar etdiyini və bu səbəbdən atəş açdığını bildirir. Hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumatlar hazırda araşdırılır.

 

Hadisə yerində olan bir tibb işçisi BBC-yə “tam bir qırğın” yaşandığını və xəstəxanaların yaralılarla dolduğunu bildirib.


Bu, ardıcıl üçüncü gündür ki, yardım almaq üçün toplaşan fələstinlilər hücuma məruz qalırlar. Bazar günü baş verən və 31 nəfərin ölümünə səbəb olan oxşar hadisəni İsrail inkar edib.

Qeyd edək ki, İsrail beynəlxalq xəbər agentliklərinin, o cümlədən BBC-nin Qəzzaya daxil olmasına icazə vermir. Bu da ərazidə baş verən hadisələrin müstəqil şəkildə təsdiqlənməsini çətinləşdirir.

 

BBC
Asiman Vəliyeva