KİV: Tramp Ukraynanın dron hücumunu cəsarətli sayır, amma növbəti addımlardan narahatdır

Tarix: 14:13 05.06.2025
ABŞ Prezidenti Donald Tramp Ukraynanın cəsarətli hücumuna heyran qalıb, amma növbəti addımlardan narahatdır.
“İnformator.az” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Donald Tramp ötən həftəsonu Ukraynanın qəfil dron hücumunu cəsarətli addım kimi qiymətləndirib. Lakin o, bu hücumun onun atəşkəs təşəbbüsünü daha da çətinləşdirəcəyindən narahatdır.
“Rusiyanın ən strateji hava bazalarından birinə edilən hücum Ukraynanın Trampın düşündüyündən daha çox “gizli silahı” olduğunu göstərdi. Eyni zamanda, bu hücum Rusiyanın Prezidenti Vladimir Putini cavab zərbəsi endirməyə təşviq etdi”, - mənbə bildirib.
Xatırladaq ki, ötən gün Tramp bildirib ki, Putin ona hücumlara “çox sərt şəkildə” cavab verəcəyini deyib. “Yaxşı bir söhbət oldu, amma dərhal sülhə gətirəcək bir söhbət deyildi,” – o əlavə edib.
Putin isə ötən gün bildirib ki, bu hücumlar atəşkəs və ya Ukrayna Prezidenti Volodimir Zelenski ilə liderlər səviyyəsində görüş perspektivini şübhə altına alır.
Zelenski isə “X” sosial şəbəkəsində yazıb ki, Rusiya cavab hücumlarına hazırlaşır:
“Əfsuslar olsun ki, Putin cəzasızlıq hissi ilə davranır. Rusiyanın bütün dəhşətli hücumlarına baxmayaraq, görünür o, yenə də ‘cavab’ hücumlarına hazırlaşır. Bu isə o deməkdir ki, hər yeni zərbə, hər gecikmiş diplomatik addım Rusiyanın bütün dünyaya – hələ də ona təzyiq göstərməkdə tərəddüd edən hər kəsə – meydan oxumasıdır.”
Ağ Evin bir rəsmi nümayəndəsi bildirib ki, bu hücumun narahatedici tərəflərindən biri onun Rusiyanın nüvə arsenalının əsas dayaqlarından sayılan uzaqmənzilli bombardmançı təyyarələrini hədəf almasıdır.
“O nöqtə olduqca təhlükəlidir,” – ABŞ rəsmisi bildirib.