Polşa Rusiyaya görə təyyarələrini havaya qaldırıb

Bölmə: Siyasət › ,
Tarix: 18:40 12.06.2025

 

Polşa müttəfiqləri ilə birlikdə Rusiyanın fəaliyyəti ilə əlaqədar növbətçi döyüşçü qırıcıları havaya qaldırıb.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, xüsusilə son günlərdə Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma ən qızğın mərhələsinə keçib.

 

"Xüsusilə də son günlərdə Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma ən qızğın mərhələsinə keçib. Ukrayna tərəfi Rusiya ərazisindəki aeroportlara hücum etdikdən sonra V. Putin ABŞ Prezidenti D. Trampla telefon danışığı zamanı buna görə Rusiyanın cavab verəcəyini bildirib.


D.Tramp bu barədə öz sosial şəbəkəsində paylaşım edib. V. Putin isə bu cavabla bağlı əlavə mövqe ifadə etməyib. Avropada bu, narahatlıqla qarşılanıb və Trampın mövqeyi Putinin dəstəklənməsi kimi qiymətləndirilib. Ardınca Rusiya Ukraynanın şəhərlərinə zərbələr endirib. Yəni, Rusiya Ukraynaya cavab reaksiyası göstərməyə başlayıb. Burada bir sıra nüanslar var. ABŞ Ukraynaya dəstək vermək niyyətində olmadığını nümayiş etdirir. C. Baydenin administrasiyası dövründə qəbul edilmiş qərarlara əsasən isə Ukraynaya dəstək göstərilməli idi. Bugün Avropada çox narahatlıq var, çünki Tramp administrasiyası yeni dövlət büdcəsində Ukraynaya birbaşa yardımları nəzərə almayıb. Düşünürəm ki, birinci olaraq Polşa, təyyarələrini Rusiyaya görə havaya qaldırmaqla Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək istəyir. Həm də Polşada seçkilərdən sonra onun gələcək mövqeyi ilə bağlı müəyyən müzakirələr gedir. Yəni Polşa Ukraynaya dəstəkdən kənara çəkilə bilər. Görünür ki, bu baxışları zəiflətmək üçün belə bir addım atıla bilər. Eyni zamanda Avropada da çox ciddi çaşqınlıq var. Çünki Avropa liderləri arasında formalaşan ümumi rəy ondan ibarətdir ki, ABŞ-nin dəstəyi olmasa, Ukrayna kapitulasiya edəcəkdir. Həm son dövrlərdə hücumların intensivləşməsi, həm də Avropanın Rusiya qarşısında ciddi şəkildə narahatlığını ifadə edir. Böyük Britaniyanın Baş naziri təxminən 2 ay öncə dəfələrlə qeyd edib ki, ABŞ olmadan ciddi təhlükəsizlik təminatı vermək mümkün olmayacaqdır. Bu baxımdan, proseslər bu gün heç də Avropanın xeyrinə cərəyan etmir. Ukrayna müəyyən müqavimət göstərsə də, avropalı analitiklər hesab edirlər ki, vəziyyət bu cür davam etsə, Ukrayna kapitulasiya edəcəkdir. Yəni bu yaxınlarda kanadalı təlimçilərdən biri bunu bu cür də deyib: ABŞ-nin dəstəyi olmayacağı təqdirdə vəziyyət çox ciddi şəkildə dəyişməkdədir.


Bu baxımdan Avropa özünü belə şərtlər daxilində narahat hiss edir və görünən reallıq ondan ibarətdir ki, nə Ukraynaya, nə də özləri üçün ciddi təhlükəsizlik təminatları verə bilməyəcəklərini dərk edirlər. Düşünürəm ki, Polşanın təyyarələrini havaya qaldırması sadəcə olaraq bir mesaj xarakteri daşıya bilər. Yəni, Rusiyaya ünvanlanmış hərbi-siyasi xarakterli bir mesaj ola bilər. Bu görüntü xarakterli addımdır. Həm Amerikaya nümayiş etdirmək istəyirlər ki, onlar Rusiyanın qarşısında dayanmaq əzmindədirlər, həm də Rusiyaya nümayiş etdirmək istəyirlər ki, bu proseslərə həssas reaksiya göstərəcəklər.


Amma reallıqda bu, mövcud vəziyyətə hər hansı formada ciddi təsir göstərməyəcək".

Səmayə Səftərova