İranda iki banka kiber hücum edilib

Bölmə: Dünya › ,
Tarix: 18:04 18.06.2025

İran hökumətinin sözçüsü Fəttimə Mühəccirani, ölkədə internet problemlərinin baş verdiyini bildirərək iki bankın kiber hücuma məruz qaldığını açıqlayıb. Bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.

 

Mühəccirani mətbuata verdiyi açıqlamada, bank sistemində yaşanan problemlərlə bağlı danışaraq, Sepah və Pasargad banklarının kiber hücuma məruz qaldığını bildirib. O, bu hücumun məlumat sızması ilə bağlı olmadığını, əsasən bank fəaliyyətini pozmağa yönəldiyini qeyd edib.

 

Bank müştərilərinin məlumat təhlükəsizliyi ilə bağlı narahatlıq keçirməsinə ehtiyac olmadığını bildirən Mühəccirani, mütəxəssislərin məsələ ilə məşğul olduğunu və problemin qısa zamanda həll olunacağını deyib.

 

O, həmçinin yollarda yaranan nəqliyyat sıxlığı səbəbindən bəzi bank filiallarına nağd pul çatdırılmasında çətinliklərin yaşandığını bildirib. Sepah bankının hərbi təqaüdçülərin maaşlarını ödəyən bank olaraq mühüm rola sahib olduğunu vurğulayan sözçü, bu problemin də tezliklə həll olunmasının gündəmdə olduğunu qeyd edib.

 

TRT XƏBƏR

Nuray Əliyeva