İnqilab Keşikçiləri hədəf alınıb

Tarix: 23:45 21.06.2025
İsrail və İran arasındakı toqquşmalar davam edərkən, İsrail İranın iki mühüm şəhərinə hücum təşkil edib. İran mediasının verdiyi məlumata görə, İsrail cənub-qərbdə yerləşən Əhvaz və Məhsəhr şəhərlərində İnqilab Keşikçilərinə məxsus kazarma və qərargahları eyni anda hədəf alıb. İsrailin hücum etdiyi Əhvaz, İranın əsas neft hasilatı bölgəsi olan Xuzistan əyalətinin paytaxtıdır.
İran mediası, həmçinin İsrail qüvvələrinin səhər saatlarında İsfahandakı nüvə obyektini hədəf aldığını bildirib. Xəbərlərə görə, obyektə zərər dəysə də, nüvə sızması qeydə alınmayıb.
Digər tərəfdən, İranın hücumları da gün ərzində davam edib. İsrail mediası, İsrailin şimalındakı Beyt Şean şəhərində bir binanın dron hücumu ilə vurulduğunu bildirib. Hücum nəticəsində tələfat və ya yaralanan olmasa da, İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatının ilk dəfə İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini keçə bildiyi qeyd olunub.
Başqa bir hadisə barədə isə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib. Katz bildirib ki, İsrail ordusunun İranın Qum şəhərində keçirdiyi hücum nəticəsində İnqilab Keşikçiləri Qüds Qüvvələrinin Fələstin Birliyinin rəhbəri Səid İzadinin öldürüldüyü iddia olunub. İsrail, həmçinin cümə günü həyata keçirdiyi hava hücumunda İran İnqilab Keşikçiləri Ordusunun İkinci Pilotsuz Uçuş Aparatları Briqadasının komandiri Əmin Pur Cudakinin də öldürüldüyünü açıqlayıb.
İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hücumlarda yüksək rütbəli İranlı şəxslər hədəfə alınıb. İsrailin hücumlarına İran da cavab zərbələri ilə qarşılıq verib. İsrail xüsusilə İranın paytaxtı Tehranı və nüvə obyektlərinin yerləşdiyi əraziləri hədəf alarkən, İran da Təl-Əviv və Hayfa kimi mühüm şəhərlərə hücumlar təşkil edib.
Qarşılıqlı toqquşmaların fəsadları isə hər keçən gün daha da ağırlaşır.
Haberler.com
Aygün Babayeva