Ermənistanın Türkiyəyə səfəri yeni siyasi mərhələnin başlanğıcıdır-Oqtay Qasımov

Bölmə: Siyasət › ,
Tarix: 13:54 23.06.2025

Ermənistanın baş naziri Nikol Paşinyanın 20 iyun tarixində Türkiyəyə etdiyi səfər regionda yeni siyasi proseslərin başlanğıcı kimi qiymətləndirilir. Bu, müstəqillikdən sonra Ermənistan rəhbərliyi səviyyəsində Türkiyəyə reallaşan ilk rəsmi səfər olmaqla yanaşı, həm də İrəvanın son illər regionda dəyişən reallıqlara uyğun siyasət aparmağa çalışdığının göstəricisi hesab olunur.


Politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bu səfənin arxasında duran daxili və xarici səbəbləri izah edib:


“Ermənistan baş nazirinin Türkiyə səfəri şübhəsiz ki, təsadüfi addım deyil. Burada iki əsas motiv var – daxili və xarici səbəblər. Hazırda Ermənistanda ciddi siyasi böhran yaşanır. Hökumətlə müxalifət, eləcə də kilsə arasında münasibətlər gərginləşib. Müxalifət Paşinyana qarşı impiçment prosesinə cəhd göstərir, lakin parlamentdə kifayət qədər səsə sahib olmadıqları üçün bu prosesin uğur qazanacağı inandırıcı deyil”.


Politoloqun fikrincə, regionda baş verən gərgin proseslər də bu səfərin fonunu təşkil edir:


“Ermənistanın əsas tərəfdaşlarından biri olan İranın İsraillə qarşıdurmaya cəlb olunması, eləcə də Rusiyadan gələn təzyiqlər Paşinyanın vəziyyətini çətinləşdirir. Qərbdən – ABŞ və Aİ-dən də istədiyi dəstəyi ala bilməməsi səbəbilə Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlməyə məcbur qalıb. Türkiyə səfəri bu kontekstdə qiymətləndirilməlidir”.


Oqtay Qasımov səfərin nəticələrinə də toxunub:


“Bu səfər Ermənistan rəhbərliyinin Türkiyəyə etdiyi ilk rəsmi səfər kimi tarixə düşür və gələcəkdə normallaşma prosesinin əsasını qoya bilər. Lakin yaxın perspektivdə sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası hələ real görünmür. Türkiyə üçün bu məsələdə əsas şərt Ermənistanın Azərbaycanla sülh sazişini imzalamasıdır. O vaxta qədər münasibətlərin tam bərpası gözlənilən deyil”.


Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirən politoloq, proseslərin yaxın zamanda yekunlaşmasının çətin olduğunu deyib:


“Şübhəsiz ki, səfər zamanı Azərbaycan-Ermənistan sülh gündəliyi və Zəngəzur dəhlizi də müzakirə olunub. Amma düşünürəm ki, sülh sazişinin imzalanması 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən əvvəl baş verməyəcək. Bu səbəbdən Zəngəzur dəhlizinin açılması məsələsində də qısa müddətdə irəliləyiş gözləmirəm”.


Solmaz Muradova