Silahlı Qüvvələr Günü Marneulidə qeyd olunub

Tarix: 19:59 26.06.2025
Azərbaycanın 26 İyun - Silahlı Qüvvələr Günü Gürcüstanın Marneuli rayonunun Sadaxlı qəsəbəsində qeyd olunub.
"İnformator.az" yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə təşkil edilib.
Tədbirdə mərkəzin rəhbəri Samir Şərifov çıxış edərək Azərbaycanın dövlətçilik tarixi və ordu quruculuğu sahəsində görülən mühüm işlər barədə ətraflı məlumat verib. O bildirib ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğuna xüsusi önəm verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Silahlı Qüvvələrinin inkişafına mühüm töhfə verib, ordunun maddi-texniki bazası gücləndirilib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün 107 illiyini qeyd edən Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixində parlaq səhifə açıb.
Vurğulanıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqları azad etməklə gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirib.
Tədbir çərçivəsində Azərbaycan-Gürcüstan dostluğu, hərbi əməkdaşlıq və digər sahələrdə iki ölkə arasında mövcud olan uğurlu tərəfdaşlıq münasibətlərinə də toxunulub.