“Azərbaycanın İranla xüsusi bir problemi yoxdur” -ŞƏRH

Tarix: 21:20 26.06.2025
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın İranla xüsusi bir problemi yoxdur:
“Rəsmi Bakı bunu dəfələrlə bəyan edib. Xüsusilə də Cənab Prezidentin Məsud Pezeşkianla telefon danışığı bunu deməyə əsas verir. Azərbaycan İrana qarşı hər zaman xoş qonşuluq münasibətləri bəsləyən, əməkdaşlıqda maraqlı olan və İrana qarşı yönələcək heç bir sanksiyalara qoşulmayan bir ölkədir. Əslində bu bir ölkənin arzulaya biləcəyi ən yaxşı qonşu ölkə profilidir. Azərbaycan da bunu İrana qarşı edir. Lakin buna baxmayaraq Rəsmi Tehran vaxtaşırı Azərbaycana qarşı sərt ritorikadan istifadə edir. Müxtəlif təbliğat vasitələri ilə televiziya kanallarında siyasi və dini şəxslərin dili ilə rəsmi Bakıya iddialar səsləndirir. Xarici medialarda dezinformasiyalar yayılır. Digər bir məsələ sonuncu İran-İsrail qarşıdurmasında yaşanan proseslərdə də gördük ki, faktiki olaraq Azərbaycanı müharibənin tərəfi kimi göstərməyə çalışıblar. Bu həm İsraildən, həm də İrana şamil edərək deyə biləcəyimiz bir məsələdir. Amma ümumilikdə Azərbaycanın qonşularına qarşı heç bir qərəzi və yaxud da aqressiv tutumu yoxdur. Hərçənd bu bizə qarşı olsa belə. Bu telefon danışığı xüsusilə də 12 günlük İran-İsrail gərginliyi fonunda da diqqət çəkir. Yəni, bir daha Cənab Prezident bu danışıqla göstərir ki, Azərbaycan bu məsələdə ancaq tərəflərin diplomatik yolla problemlərini həll etməsini dəstəkləyir. Yeri gəldikdə vasitəçilik təklif edə bilər. Bunu onlar istəsinlər. Telefon danışığı müsbət qiymətləndirilir. Hər halda Azərbaycanın balanslı xarici siyasətinə tam uyğun bir telefon danışığı idi. Faktiki olaraq bir daha göstərir ki, İranla münasibətlərimiz hər zamankı kimidir. Bu da doğru bir şeydir ki, Azərbaycan İrana əvvəlki qədər də güvənmir. Yəni, hər zaman bir etimadsızlıq atmosferi olacaqdır. Bu əməkdaşlığa və yaxud də münasibətlərin normallaşması üçün bir maneə deyil. Bu ehtiyatdan qaynaqlanan bir şeydir”.
Politoloq qeyd edib ki, İran-Azərbaycan arasında ciddi bir ticarət dövriyyəsi mövcuddur:
“Paralelində enerji sahəsində mühüm nailiyyətlərimiz var. Xüsusilə də Naxçıvana təbii qazın verilməsində İran ortaq partnyor ölkələrimizdəndir. Bundan başqa bir çox təşkilatlarda Bakı və Tehran əməkdaşlıq edib və etməkdə davam edir. Düzdür, sərhədlər bağlıdır. Bu da rəsmi Bakının dövlət siyasətindən irəli gələn bir məsələdir. Pandemiyadan sonra da dövlət təhlükəsizliyi baxımından sərhədlərin bağlı qalması məsələsi olub. Davam etməkdədir. Biz bunun fərqli səbəblərinin olduğunu bilirik. Bunu da anlayışla qarşılayırıq. Amma digər tərəfdən iki ölkə arasında gediş-gəliş var. Ticarət dövriyyəsi azalmayıb. Hətta hər il artmaqdadır. Yəni, münasibətlərdə İran tərəfdən bu və ya başqa formada neqativ addım olmadığı təqdirdə Azərbaycan üçün də İranla heç bir problem yoxdur”.
Nuray Əliyeva