Qrossi: İranda nüvə silahı yoxdur

Bölmə: Siyasət › ,
Tarix: 21:17 26.06.2025

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bildirib ki, hazırda İranda nüvə silahı olmasa da, zənginləşdirilmiş uran miqdarı 5-6 bomba üçün kifayətdir. Bu vəziyyət İranın gələcəkdə nüvə silahı əldə etmə ehtimalını artırır. Ekspertlərə görə, proqramın intensivliyi və MAQATE ilə əməkdaşlığın dayandırılması yeni gərginliklərə yol aça bilər.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Rafael Qrossi bu və buna bənzər açıqlamalarla ilk dəfə dəfə deyil ki çıxış edib:

 

"İsrail-İran münaqişəsi başlamazdan əvvəl verdiyi məşhur bəyanat da unudulmamalıdır. Belə ki, həmin vaxt Qrossi qeyd edirdi ki, İranın hal-hazırda zənginləşdirdiyi uran təxminən 5-6 nüvə bombası hazırlamaq üçün kifayət qədərdir. Bu açıqlama əslində İsrailin bəzi arqumentlərini gücləndirdi və müharibənin başlanmasında bu mövqedən istifadə edildi. Şübhəsiz ki, hazırda İranda nüvə silahı yoxdur. Bu, ciddi şəkildə şübhə doğurmur. Bəzi ehtimallar mövcud olsa da, ümumilikdə bu məlumatın doğru olduğu qəbul edilir. Lakin İranın nüvə proqramı və uranın zənginləşdirilməsi səviyyəsi və intensivliyi elə bir təhlükə yaradır ki, yaxın gələcəkdə İranın nüvə silahı əldə etməsi real bir ehtimala çevrilə bilər. Məhz bu səbəbdən İranın nüvə proqramı ətrafında narahatlıqlar və müzakirələr davam etməkdədir".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, münaqişənin sonunda ABŞ tərəfindən endirilən zərbələrlə İranın nüvə proqramına müəyyən qədər ziyan vuruldu və bu hadisələrin gələcəkdəki proseslərə necə təsir göstərəcəyi isə hələ dəqiqləşməyib:

 

"Bu zərbələr müəyyən mənada gərginliyi azalda bilər, lakin nəzərə almaq lazımdır ki, İran eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Bu isə gələcəkdə İranın nüvə proqramına nəzarətin hansı səviyyədə həyata keçiriləcəyi sualını açıq qoyur. Nəzarət mexanizminin necə işləyəcəyi bu mərhələdə qeyri-müəyyəndir. Bu səbəbdən düşünürəm ki, gələcək dövrlərdə İranın nüvə proqramı davam etdirilərsə və uranın zənginləşdirilməsi prosesi davam edərsə, bu yenidən yeni gərginliklərə səbəb ola bilər. Hazırda İran və İsrail arasında atəşkəs mövcud olsa da, bu hələ dayanıqlı sülh anlamına gəlmir. Bu vəziyyəti daha çox müharibənin müvəqqəti olaraq dayandırılması və bir növ pauza kimi qiymətləndirmək lazımdır. Gələcəkdə İranla İsrail arasında qarşıdurmaların baş verməsi, çox güman ki, qaçılmaz olacaq".

 

Gülhüseynova Güllər