S-400 və F-35-lər fonunda Türkiyənin balans siyasəti-Trampın “xoş niyyəti” real nəticə vəd edirmi?

Tarix: 21:15 26.06.2025
NATO sammiti çərçivəsində Haaqada keçirilən görüşlər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən ikitərəfli görüş, Ankara-Vaşinqton münasibətlərində yeni dinamikanın formalaşdığını göstərir. Görüş zamanı Rusiyadan alınan S-400 sistemləri müzakirə olunmasa da, F-35 qırıcıları məsələsi ön plana çıxıb. Ərdoğan bildirib ki, Türkiyə bu layihəyə 1,3-1,4 milyard dollar vəsait yatırıb və Trampın bu məsələdə “xoş niyyətli” olduğu hiss edilib. Eyni zamanda, Ankara Avropadan Eurofighter qırıcılarının alınması istiqamətində də addımlar atır.
Mövzu ilə bağlı “İnformator.az”-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, Türkiyənin bu ritorikası regiondakı dəyişən balanslara uyğun şəkildə formalaşır:
“Türkiyə ilə Yunanıstan arasında hava məkanına nəzarət məsələsində uzunmüddətli rəqabət mövcuddur. Amma problem təkcə bu deyil. NATO daxilində ikili standartlar var. Rusiyanın istehsalı olan S-300 sistemlərini Yunanıstan alanda heç bir reaksiya verilmədi, amma S-400-ləri Türkiyə alanda ABŞ və NATO sərt sanksiyalar tətbiq etdi. Bu, Qərbin bölgədə öz maraqlarını qoruma strategiyasının nəticəsidir. Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ-nin Türkiyəyə ehtiyacı artıb”.
Politoloq hesab edir ki, bölgə ilə bağlı Qərbin yeni planları var və Türkiyə bu proseslərin mərkəzində yer alır:
“Görünən odur ki, Qərb bölgədə yeni reallıqlar formalaşdırmaq istəyir və burada yeni dövlətlərin yaradılması ehtimalı da istisna edilmir. Tramp isə bu planlarda Türkiyəsiz irəliləmək istəmir. Bu səbəbdən də Ərdoğan S-400 məsələsini artıq ‘bağlanmış mövzu’ kimi təqdim edir. Əslində bu belədir – Türkiyənin arsenalında bu sistemlər var və onlardan istifadə edir. Alternativ olan Patriot sistemləri isə NATO tərəfindən bölgədən çıxarılıb və uğurlu alternativ kimi özünü doğrultmayıb”.
Əlibəyli F-35 məsələsinə də ehtiyatlı optimizmlə yanaşır:
“F-35-lərin taleyi hələ tam aydın deyil. Burada yalnız Trampın mövqeyi yox, İsrailin də ciddi təsiri var. Amma ABŞ F-35-ləri verməsə belə, Türkiyə F-16-ların modernizasiyası ilə hərbi hava qüvvələrini gücləndirir”.
Politoloqa görə, Ankaranın paralel şəkildə Eurofighter təyyarələrinə maraq göstərməsi balans siyasətinin bir hissəsidir:
“Britaniyanın bu təyyarələrə 2029-cu ilə qədər ehtiyacı var. Bu isə Türkiyəyə manevr imkanı yaradır. Çünki 2030-cu ildən sonra Türkiyənin özünün milli döyüş təyyarələri istifadəyə veriləcək. Ankara indidən bu keçidə hazırlaşır və müxtəlif istiqamətlərdə alternativləri əlində saxlayır. Bu da informasiyada və strateji tərəfdaşlıqlarda balans siyasətinin göstəricisidir”.
Solmaz Muradova