“ABŞ büdcəsinin Azərbaycana xüsusi təsiri yoxdur”-Xalid Kərimli

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:29 02.07.2025

ABŞ Senatı Prezident Donald Trampın administrasiyasının təşəbbüsü ilə hazırlanan və vergilərin azaldılmasını, borc tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini qəbul edib.

Bu barədə "C-SPAN" telekanalına istinadla xəbər verir. Sənədi 50 qanunverici dəstəkləyib, eyni sayda qanunverici isə əleyhinə səs verib. Yuxarı palatada fikirlər bərabər bölündüyü üçün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə o, Konqresin yuxarı palatasına sədrlik edir.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, onlar növbəti il üçün dövlət büdcəsi hazırlayıblar:

 

“Büdcədə müəyyən respublikaçılar hakimiyyətə gəlib. Seçki dövründə verdiyi vədləri büdcə vasitəsi ilə icra edirlər. Burada belə kiməsə qarşı yönələn xüsusi bir qərar məsələsi yoxdur. Orada yeni büdcə paketində vergi güzəştləri nəzərdə tutulub. Eyni zamanda bir sıra istiqamətlərdə xərclərin artımı nəzərdə tutulub. Tariflərin nəticələri orda əks olunur.Burada iki məqam var. Birincisi dövlət borcunun iki məqamda artacağı gözlənilir. Düzdür, respublikaçılar hesab edir ki, dövlət borcu artmayacaq. Əksinə azalacaq. Amma proqnoz edirlər ki, ilkin məqamda dövlət borcu artacaq. Bu bir qədər dolların son zamanlarda ucuzlaşmasına səbəb olan məqamlardan biridir. İkinci məsələ isə Amerika iqtisadiyyatına bundan sonrada beynəlxalq investorların marağı yüksək olaraq qalacaq. Xüsusi bir problem ortaya çıxmayacaq. Əsas hazırda dolların mövqeyi ilə bağlı məsələləri daha çox ticari müharibələrə təsir göstərir”.

 

Ekspert qeyd edib ki, bu büdcə qanununun xüsusi təsiri olmayacaq:

 

“Müəyyən təsirləri var. O da artıq dolların məzənnəsində öz əksini tapıb. Bu məsələlərin Azərbaycana xüsusi bir təsiri yoxdur. Əsas Azərbaycanın marağı neftin qiymətlərinin yüksək qalmasıdır. Bu qanunda, yox başqa digər tədbirlərlə Tramp hakimiyyəti neftin qiymətini aşağı salmaq istəyir. Bunun mənfi təsirləri ola bilər. Bu ABŞ dövlətinin büdcəsidir. Onlar özlərinə büdcə düzəldir. Müəyyən prosedurlardan keçir. Bu Azərbaycanda da sentyabrda olacaq”.

 

Nuray Əliyeva